AZ

Gələn dəfə başqa bəhanələr tap!

Şahin Diniyev zəif məşqçidir.

Barəsində danışarkən, «mütəxəssis» yarlığını işlətməyə adamın dili gəlmir.

Cavid Hüseynov ondan yaxşı məşqçi olmasını hələlik göstərə bilmir.

«Səbail» yeni baş məşqçisi ilə çıxdığı iki Premyer Liqa matçında xal toplaya bilməyib.

15-ci tur onları turnir cədvəlinin «zirzəmi»sinə yuvarladı. «Qarabağ»a məğlubiyyətə görə Hüseynova nəsə demək olmaz, burada hər şey aydındır.

Ancaq Kurban Berdiyevin keçmiş köməkçisinin arada 6-7 gün vaxtı var idi ki, komandanı «Sabah»la duelə hazırlasın. O, bunu da edə bilmədi.

Vallah, «Səbail» rəhbərliyi yanlış yoldadır. Rauf Vəliyev hər dəfə elə səhv seçimlər edir, adamın əli üzündə qalır.

Özü dənizçidir, uzun illərdir sularda çalışır, bəyəm bilmir ki, batmaq üzrə olan gəminin sükanını təcrübəli kapitana tapşırmaq lazımdır?

Dünənki motros nə edə bilər axı? Cavid Hüseynovun onunla eyni rayondan olmasından savayı hansı üstünlüyü var idi ki, gətirib bir tərəfi batmış komandanı ona tapşırdı?

Di, çəksin indi cəfasını.

Bu iş belədir ki, postu təhvil alan əvvəlki məşqçidən «yaligar» qalmış problemləri kötük kimi qabağa dığırlatmamalıdır.

Sən bilirdin ki, hara gəlirsən, niyə gəlirsən. Bilirdin ki, burada gül gülü, bülbül bülbülü səsləmir, aləm qarışıb, heyət sarıdan sıxıntılar başdan aşır.

«Sabah»la matçda bərbad oynayırsan, sonra da çıxıb zədəlilərin çoxluğundan, hücumçuların «dişsiz»liyindən şikayətlənirsən.

Gələn dəfə başqa bəhanələr tap, bunları biz də bilirik.

ELXAN

Seçilən
15
sportinfo.az

1Mənbələr