“Gürcüstanda parlament seçkilərindən sonra ölkənin siyasi həyatında xaos hökm sürür. Hakim “Gürcü Arzusu” partiyası seçkilərdə qalib gəldiyindən hökumətin formalaşdırılmasına start versə də, müxalifət parlamentin iclasına qatılmaq istəmir. Bunu da seçkilərin saxtalaşdırılması ilə izah edir. Amma bülletenlərin təkrar yoxlanılması bir daha göstərdi ki, seçicilərin 53,93 faizi hakim partiyaya səs verib. Buna baxmayaraq gürcü müxalifəti nəticələri tanımaqdan imtina edib və etiraz aksiyalarına başlayıb. Bu, müxalifətin ənənəvi metodudur. Xaricdən aldığı təlimatlara uyğun hərəkət edir”.
Bunu hafta.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, politoloq Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, müxalifətin nəticələr onun xeyirinə olmayacağı təqdirdə etiraz edəcəyi, mitinqlərə başlayacağı, hətta dövlət çevrilişinə cəhd edəcəyi bəlli idi:
“Hələ seçkilərdən əvvəl bu plan ortada idi. Müxalifət yalnız qalibiyyət üçün prosesə qoşulmuşdu. Gürcüstan parlamentində “Xarici agentlər haqqında” və LGBT-nin qadağan edilməsi ilə bağlı qanunları qəbul edəndən sonra Qərb ölkələri Gürcüstanda onların siyasətinə, necə deyərlər, Avropa dəyərlərinə zidd qanunların qəbul edildiyini anladı və hakim partiyanı cəzalandırmaq qərarına gəldi. Qərbdəkilərin planı “Gürcü Arzusu” partiyasını hakimiyyətdən uzaqlaşdırmaq, Gürcüstanı “avrointeqrasiya” adı altında ram etmək, Cənubi Qafqazda hökmranlığının bünövrəsini qoymaqdır. Gürcüstan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin önəmli sektoru, tranzit ölkəsidir. Bu ölkəni ələ keçirmək qlobal tranzit xəttinin ağası olmaq deməkdir. Qərbi gürcülərin taleyi, firavanlığı, inkişafı, seçki mədəniyyəti, hansısa partiyanın qələbə qazanması qətiyyən maraqlandırmır, onun öz məqsədi var. Gürcülərin müxalif kəsimi Qərbi özünün himayədarı hesab edir, guya Gürcüstan Avropa ailəsinin üzvü olsa, az bir müddətdən sonra yağ-bal içində üzəcəklər. Halbuki, gürcülərin milli kimliklərinə həqarət edən, onları təhqir edən Avropadır. Aİ-nin komissarı gürcüləri “geridə qalmış xalq” adlandırır. Avropa institutları, bəzi beynəlxalq təşkilatların hazırladıqları hesabatlardan da görünür ki, Gürcüstanın indiki hakimiyyəti hədəfdədir. Hər nə olursa olsun “Gürcü Arzusu”nun mövcudluğuna son qoymaq kimi niyyətləri var. Qərb bu partiyanın qurduğu hökuməti “Rusiyaya yaxınlaşmaqda” ittiham edir, halbuki “Gürcü Arzusu” hakimiyyətdə olduğu 12 il ərzində Rusiya ilə diplomatik əlaqələr belə qurmayıb. Deməli, məsələ Rusiya deyil, hədəf Gürcüstana şəriksiz sahiblənməkdir”.