Xəzər dənizi artıq, demək olar, qurumuş Aral dənizinin taleyini təkrarlamamalıdır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc alimlərin konqresi iştirakçıları ilə görüşdə bildirib.
“Biz heç bir halda Aral dənizi ilə baş verənlərə yol verməməliyik. Orada hər tərəf duzdur, yalnız gölməçələr qalıb... Bilmirəm, hətta səylərimizi birləşdirsək belə, nəsə edə bilərik ya yox, çünki təbiət qüvvətli sistemdir. Lakin buna baxmayaraq, bizdən asılı olan hər şeyi etməliyik”, – Putin deyib.
Rusiya lideri əlavə edib ki, bu ölkələrə səfərləri zamanı Xəzərin dayazlaşması problemini Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə müzakirə edib və Azərbaycan lideri ilə bu istiqamətdə birgə iş barədə razılığa gəlib.
Dövlət başçısının sözlərinə görə, o artıq Rusiya hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamaq tapşırığı verib.
Xatırladaq ki, daha əvvəl Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev Xəzər Donanmasının yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcəyini, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcəyini açıqlamışdı.
Bir sıra ekspertlər Rusiyanın hərəkətlərindən narahatlıqlarını ifadə edirlər və bunun 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın pozulması ola biləcəyini göstərirlər. İran istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir, lakin akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir.
Bakıda COP29 çərçivəsində Xəzər dənizinin səviyyəsinin azalması ilə əlaqədar əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.