AZ

Bu, Əsəd-HTŞ savaşı deyil: Türkiyə və İran meydandadır!

İranın İraqdakı özünə bağlı qüvvələri Suriyaya göndərməsi bölgədə yaranmış vəziyyəti daha da gərginləşdirəcək. Bəlli oldu ki, Suriyadakı İran, Rusiya və Hizbullah qüvvələri bu məsələdə Əsəd rejimini müdafiə etməkdə acizdir. Hələbin bu qədər rahat şəkildə ələ keçirilməsi rejim, Rusiya, İran, Hizbullah qüvvələrinin və onun müttəfiqi olan digərlərinin nə qədər zəif olduğunu göstərir. Əsəd hökuməti üsyançıların əlindən Hələb şəhərini Rusiya aviasiyasının, İran və Hizbullah qüvvələrinin, o cümlədən digər şiə qruplaşmaların dəstəyi ilə 4 ilə almışdı. İndi isə bir neçə günə İdlib və Hələbi tamamilə, Həmanın isə yarısını itirib.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Suriyada davam edən gərginliyi şərh edərkən deyib. O bildirib ki, hazırda Xüms şəhərində və Həmanın digər ərazilərində üsyanların başladığı müşahidə olunur: “Bəşər Əsəd bu hücumlar qarşısında özünü müdafiə edə bilmir. Nəticədə də müttəfiqlərinə müraciət edib. İraq və İran kömək göndərəcəyini bildirib. Aydındır ki, Rusiya indiki halda ancaq aviasiya dəstəyi göstərə bilər. Hizbullah da İsraillə müharibədə ciddi itkilər verdiyi üçün lazımi yardımı edə bilmir. İran artıq İraqdakı Həşdi-Şabi (Həşd əş-Şabi) qüvvələrini ora yönəldib. İsraillə atəşkəsdən sonra Hizbullahın da qüvvələri ora yönəldiləcək. Bu isə vəziyyəti daha da qəlizləşdirə bilər. Çünki “Heyət Təhrir əş-Şam”ı (HTŞ) da dəstəkləyən ölkələr mövcuddur. Bunlara Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə bağlı qruplaşmaları aid edə bilərik”. Onun fikrincə, İsrail və ABŞ-a yaxın qüvvələri də nəzərə almaq lazımdır: “Belə olan təqdirdə faktiki olaraq Suriya müharibəsi HTŞ-Əsəd rejimi müharibəsi olmaqdan çıxaraq, regional müharibəyə çevrilir. Onsuz da İran və Rusiya Hizbullahla birgə orada aktiv idi. Artıq yeni qruplaşmalar göndərilir. Buna region ölkələrinin reaksiyası maraqlı olacaq. HTŞ İdlib ərazisinə - Türkiyəyə yaxın münaqişə zonasına hücum eləsə də, Türkiyə rəsmi olaraq bu hücumlarda əlaqəsi olmadığını, Astana razılaşmasına hələ də sadiq qaldığını bildirir. Türkiyənin Afrin ətrafı, Tel-Rıfat, Menbiçə doğru yerüstü əməliyyatı vardı. Bu hücumlar Türkiyənin PKK/PYD-yə qarşı aktiv əməliyyatlarına da əngəl törədə bilər. Bu baxımdan, Türkiyənin mövqeyi çox əhəmiyyətli olacaq”. Politoloq bu münaqişə çərçivəsində İran və Türkiyənin koordinasiyalı olması gərəkdiyini vurğulayıb:

“Türkiyə dəstəkli qruplara qarşı İran dəstəkli qruplar müharibəyə girərsə, burada regional olaraq həm də Türkiyə-İran, yaxud paralel olaraq Türkiyə-Rusiya qarşıdurması yarana bilər. İsrail və ABŞ dəstəkli qruplaşmaların hücum etməsi də mümkün variantlardandır. Bu baxımdan Türkiyə ilə ortaq məxrəcə gəlmək vacibdir. Təsadüfi deyil ki, İran XİN başçısı hadisələr başlayan kimi Türkiyə ilə əlaqə saxladı. O, əvvəlcə Suriyaya, oradan da Türkiyəyə səfər edib. Böyük ehtimal, Türkiyəyə bağlı qruplaşmalar HTŞ-də çox aktiv deyilsə, rəsmi Ankara özünə lazım olan şərtlərlə hansısa şəkildə bu qruplaşmaya dəstəyi tamamilə azalda və onlara qarşı mübarizə apara bilər. Türkiyənin istəyi Əsəd rejimini razılaşmaya cəlb eləmək idi. Əsəd hökuməti, hətta Rusiyanın vasitəçiliyinə baxmayaraq, Türkiyə ilə razılaşmaya getmək istəmirdi. İndi isə Türkiyənin şərtlərini qəbul etməyə məcburdur. Hətta Suriya anlaşmaq üçün Türkiyəyə təhlükəsizlik xidmətindən ibarət qrupu artıq göndərib. Türkiyə böyük ehtimal Tel-Rıfatı, Menbiçi nəzarətə götürmək, PKK/PYD-yə qarşı Əsəd rejimi və İranı cəlb etmək istəyəcək. Düşünürəm, bu şərtlər daxilində Türkiyə ilə əməkdaşlıq ola bilər. Əks halda İranın bu dərəcədə aktiv müharibəyə qoşulması sonda Türkiyə ilə arasında gərginliyə səbəb ola bilər. Türkiyə ilə hansısa şəkildə bir razılıq olsa, o zaman İsrail və ABŞ dəstəkli qruplara qarşı Türkiyə-İran-Rusiya əməkdaşlığının yeni mərhələsini görə bilərik”.

Seçilən
16
19
buta.tv

10Mənbələr