AZ

Gürcüstan hadisələri Cənubi Qafqazda gedən proseslərə ciddi təsir göstərir- RƏY


Ceyhun Məmmədov: "Bir dövlət heç vaxt başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır"


Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması yönündə fəaliyyəti göstərir ki, Qərb Cənubi Qafqaz ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb. Nəyin bahasına olursa-olsun, öz planlarını həyata keçirməyə çalışır. Təbii ki, inqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeyilli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Beynəlxalq hüququn normalarına əsasən ölkələrin daxili işlərinə müdaxilələr yolverilməz olduğu halda Qərb beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqdadır. Hazırda regionda gərginliyin yaradılmasına yönələn addımlar da özündə mühüm məqamları və çağırışları ehtiva edir. Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda reallaşdırılmış “rəngli inqilab”ların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarının təsdiqidir. Məsələ ondadır ki, Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü Arzusu” Partiyasına səs verməsi Qərbin planlarını alt-üst etdi. Hakim partiyanın seçkilərdə qalib gəlməsi xarici dairələrlə yanaşı, Gürcüstandakı daxili antimilli qüvvələri də məyus etdi. “Xarici agentlər haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra məğlubiyyətə uğrayacaqlarını bilən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz aksiyaları təşkil etməklə niyyətlərinə çata biləcəklərini düşünürdülər. Lakin səsvermə prosesində “Gürcü arzusu”nu dəstəkləməklə birlik nümayiş etdirən xalq istəyinə nail oldu. Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq, Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurması məkanına çevirmək idi. Amma bu çirkin plan baş tutmadı. Qərb ümumilikdə hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Gürcü xalqı isə Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır və buna ciddi müqavimət göstərir. Region dövlətləri arasında yalnız Ermənistan xarici dəstəkçilərinin çaldığı hava ilə oynayır və onların maraqlarının icraçısı olmaqdan geri çəkilmək istəmir. Bu gün də Qərbin dəstəyi ilə silahlanan Ermənistan özünün fəlakətli sonluğuna doğru irəliləməkdə davam edir. Qərbin Gürcüstan ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu istəyindən çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda baş verən proseslər, gərginlik Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Deputatın sözlərinə görə, Gürcüstan bizim üçün önəmli dövlətlərdən biridir: 
"Azərbaycanla Gürcüstan arasında strateji əlaqələr var. Ona görə də tez zamanda qonşu Gürcüstanda vəziyyətin sabitləşməsini və stabilləşməsini arzulayırıq. Eyni zamanda burada gördüyümüz ondan ibarətdir ki, bu gün Gürcüstandakı proseslərə bir sıra Qərb dairələri ciddi müdaxilə edirlər. Qərb dairələri bu yolla vəziyyətin daha da gərginləşməsinə çalışırlar. Azərbaycanın isə yanaşması ondan ibarətdir ki, bir dövlət heç vaxt başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır. Biz bunun tərəfdarı olmamışıq. Düşünürük ki, bəzi Qərb dairələrinin də bu formada Gürcüstanda gedən proseslərə müdaxiləsi qəbuledilməz və yolverilməzdir. Çünki belə müdaxilələr ölkə daxilində vəziyyətin daha da mürəkkəbləşməsinə, gərginləşməsinə və qarşıdurmanın genişlənməsinə yol açır. Onu da qeyd edək ki, Gürcüstanda baş verənlər həm də bütövlükdə Cənubi Qafqazda gedən proseslərə ciddi təsir göstərir. O baxımdan çalışmalıyıq ki, proseslərin düzgün məcrada inkişafı, sabitliyin olması bizim üçün də önəmlidir. Hər halda inanırıq və ümid edirik ki, Gürcüstanda tez zamanda vəziyyət sabitləşəcək, ictimai-siyasi sabitlik təmin olunacaq, proseslər öz axarına düşəcək".  

Seçilən
6
sherg.az

1Mənbələr