Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏTSN) ilə birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, BMT qurumları və dövlət qurumlarının əməkdaşları, əlilliyi olan şəxslər və onların hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri, inkişaf tərəfdaşları və digər tərəfdaşlar iştirak edirlər.Tədbirdə əlilliyi olan insanların iqlim dəyişikliyi ilə bağlı qarşılaşdıqları problemlərin araşdırılması və inklüziv fəaliyyət vasitəsilə dayanıqlılığı gücləndirmək üçün həll yollarını müzakirə olunacaq.Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli tədbirdə çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin inklüziv cəmiyyətə qoşulması üçün bütün tədbirlər görülür:"COP29 zamanı da əlilliyi olan şəxslərlə bağlı fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyət göstəriblər. COP gündəliyinə əlillik mövzusunun salınması mühüm məsələ idi, əminik ki, növbəti COP-larda da bu mövzu aktual olaraq qalacaq. COP29 inklüzivlik baxımından da çox mühüm tədbir oldu".Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov açılış nitqi ilə çıxış edərək qeyd edib ki, ilin sonu olmasına, gərgin qrafikə baxmayaraq, əlilliyi olan şəxslərlə bağlı məsələlərin müzakirəsi prioritet mövzular sırasında olduğu üçün bugünkü tədbir təşkil edilib:"2018-ci ildə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı yeni qanunlar qəbul edildi. 2022-ci ildə də bu istiqamətdə yeni qərarlar qəbul olundu. Ötən dövr ərzində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin elektronlaşdırılması kimi işlər görülüb.Bugünkü tədbir də COP29-dan sonra görülən vacib işlərdən biridir. Gələn il Braziliyada keçiriləcək COP30-a qədər Azərbaycan COP29 sədri kimi bu işləri davam etdirməlidir. Biz mütəmadi olaraq inklüzivliklə bağlı işləri aparmalıyıq, COP30-a qədər də görülən işlərin müsbət nəticələrini görəcəyik".