"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar". Bu sözləri SİA-ya açıqlamasında Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı deyib.
O bildirib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib: "Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.
Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.
Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir".