AZ

Guya korrupsiyaya qarşı araşdırma aparırlar – Bu ölkədən 47 milyon dollar alıblar

Dropsitenews.com resursunda Ryan GrimȘtefan Cândea və Nikolas Leontopoulosun müəllifliyi ilə dərc olunmuş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqaləsində “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) haqqında bu təşkilatın mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc edib.

Bundan başqa, Fransanın Mediapart onlayn qəzeti belə bir məlumat dərc edib ki, Almaniyanın NDR ictimai telekanalı OCCRP ilə bağlı araşdrıma aparıb və Mediapart, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları bu araşdırmada iştirak ediblər. Lakin NDR araşdırmanı verməməyi qərarlaşdırıb və bunu OCCRP-nin kanalın rəhbərliyinə təzyiqləri ilə əlaqələndirib. Bundan sonra tərəfdaşlar materialı, yaxud onun bir hissəsini dərc etmək qərarına gəliblər.

Həm Dropsitenews.comun, həm də Mediapartın materiallarının təhlilindən öncə, hələ illər əvvəl onunla bağlı aparılmış bir araşdırma barədə məlumat vermək istərdik. Azərbaycan mediasında yer almış bu araşdırmada təşkilatın saytına istinadən bildirilirdi ki, OCCRP özünü 2007-ci ildə yaradılmış müstəqil təhqiqat konsorsiumu kimi təqdim edir. Yerləşmə ərazisi kimi Sarayevo və Buxarest göstərilir. Beş Postsovet ölkəsi – Rusiya, Ukrayna, Latviya, Ermənistan və Gürcüstanla əməkdaşlıq və nümayəndəlik kontaktları barədə məlumat verilirdi.  Qeyd olunurdu ki, təşkilat jurnalistlər üçün qiymətli mənbə ola biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının  “online” resursunu hazırlayır və təqdim edir.

Həmin dövrdə OCCRP – Merilenddə yerləşən xeyriyyəçi “Jurnalistikanın İnkişafı  Şəbəkəsi”nin qeydiyyatdan keçmiş rəsmi adı olduğu göstərilsə də, araşdırmalar belə bir adda qurumun ümumiyyətlə mövcud olmadığını göstərmişdi. Sadəcə ABŞ-nin Merilend şəhərində OCCRP-nin redaktoru kimi adı keçən Drew Sullivanın yaşadığı müəyyən olunmuşdu. Eyni zamanda təşkilatın Vaşinqtonda yerləşməsinə və biznes konsultasiya ilə məşğul olmasına dair məlumatı aşkar edilsə də, onun saytını tapmaq mümkün olmamışdı. Təbii olaraq belə bir rəy formalaşmışdı ki, OCCRP-nin ana şirkət kimi Merlienddəki “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin adının yalandan hallandırılması, internet axtarışlarının heç bir nəticə verməməsi birmənalı şəkildə iz azdırmaq, hədəfdən yayınmaq məqsədi güdür.

Sonrakı araşdırmalar “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin sorağının Sarayevodan gəldiyini müəyyən etdi. Elektron ensiklopediyada qeyd edilirdi ki, OCCRP-nin ana təşkilatı bu quruma üzv ölkələrlə əlaqələrin qurulması səlahiyyətlərini həyata keçirir.  Buradan da təbii maraq ortaya çıxırdı ki, bu qədər araşdırma aparan belə bir təşkilat haqqında məlumatlar hansı səbəbdən konfidensial saxlanılır?

Bir az dərin araşdırma müəyyən etmişdi ki, təşkilatın maliyyəçiləri arasında Soros Fondu, USAİD və ABŞ Milli Demokratiya Fondu varmış. OCCRP-nin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Mediaya Beynəlxalq Dəstək Mərkəzinin (CİMA) nəzdindəki “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu” (İCİJ) və “Jurnalist Araşdırmalarına Dəstək Fondu”nun (SCOOP) həyata keçirdiyi araşdırmalara yaxından cəlb olunduğu və son iki qurumun eyni tarixdə yaradıldığı bəlli olmuşdu. SCOOP-u Hollandiyanın Araşdırmaçı Jurnalistlər Assosiasiyası təsis edib. Onun Qafqaz regionunda ən çox diqqət ayırdığı məkan da Azərbaycan və Azərbaycan təmsilçiliyi olan QHT-lər idi.

Təşkilatın üzvləri sırasında Cənubi Qafqaz regionundan Azərbaycan qeydiyyatı olan QHT-nin adı keçirdi. Bu “Qafqaz Media Tədqiqatları Mərkəzi”dir (direktoru Anar Orucovdur). QMTM-in saytında deyilir ki, Beynəlxalq Jurnalistlər Mərkəzi ilə sıx əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin dəstəyi ilə “Dərinləşdirilmiş Jurnalistika Təlimi” adlı layihəni icra edib. Anar Orucov, eyni zamanda qalmaqallı “Kanal 13”ün yaradıcısı və rəhbəri idi! Məlum olduğu kimi, sonrakı dövrdə Anar Orucov Azərbaycanı tərk edərək Almaniyada məskunlaşdı, kanala rəhbərliyi isə onun qardaşı Əziz Orucov həyata keçirməyə başladı.

Həmin dövrdə İCİJ-nin “Bizim müxbirlər” bölməsində  dünya xəritəsi bölümünü tapıb Azərbaycan nöqtəsini tıklayanda, anındaca Xədicə İsmayılovanın adı gəlirdi və onun haqqında ilk olaraq Azərbaycan hakimiyyətinə həqarət yağdıran biri kimi əhatəli məlumat verilirdi. Sonrakı mərhələdə OCCRP-nin “araşdırmaları” Xədicə İsmayılovanın adı ilə təqdim olunanda, onun bu prosesdə rolu və yeri tam aydın göründü.

OCCRP-nin izi ilə aparılan araşdırma zamanı ”Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi”nin saytında daha bir önəmli ipucu müəyyən edilmişdi: “Biz 2006-cı ildən etibarən Şərqi Avropa və Qafqazda vahid komanda kimi işləməyə başlamışıq”. Bu fakt isə onu deməyə əsas verirdi ki, təşkilat əsas hədəflərdən biri olan Azərbaycanla coğrafi məsafəni qısaltmaq yolu tutulub. Prosesin sonrakı inkişafı da göstərdi ki, həqiqətən də Azərbaycan bu təşkilatın yaxından izlədiyi ölkədir.

Dropsitenews.comun və Mediapartın dərc etdiyi materiallardan belə bir qənaət formalaşır ki, NDR və tərəfdaşlarının araşdırması OCCRP-nin əsasən ABŞ-dən maliyyələşdirildiyini təsdiq edir.  Onu da əlavə edək ki, bu günə kimi çıxan materialların xarakteri onun arxasında  ABŞ xüsusi xidmət orqanlarının durduğunu göstərir.

Dropsitenews.comun məlumatına əsasən, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP ABŞ dövlətinin layihəsidir. 2008-ci ildə kiçik bir media qrupu kimi fəaliyyətə başlayanda sərəncamında Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun (İNL) verdiyi 1 milyon dollar vəsait olub. Bu vəsait də Delaverdə yerləşən “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nə (Journalism Development Group, LLC) verilib və bundan sonra OCCRP həyata vəsiqə qazanıb.

Qurulduğu dövrdən indiyə kimi OCCRP ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1.1 milyon dollar Avropa  İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb. Maraqlıdır, OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİDin ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. USAİD-in OCCRP üzərində hökmünü daha aydın təsəvvür etmək üçün eləcə bir  faktı qeyd etmək kifayətdir ki, o, OCCRP-dən layihələri və əməkdaşları ilə bağlı hər il hesabat  tələb edir və bütün bunlarla bağlı söz sahibidir. Təbii ki, OCCRP-nin qurucusu kimi göstərilən Drew Sullivandan başqa bu, OCCRP-də çalışanların heç birini maraqlandırmır.

Normalda, USAİD-dən dəstək alan bütün qurumlar bu vəsaitin şəffaflığını təmin etməlidirlər. Lakin nədənsə, USAİD OCCRP üçün burada bir istisna edib. 2010-cu ildə saytında yer alan loqo götürülüb, sonra da guya daxildə dəstək verən hər hansı bir qurum kimi buraxılıb. Məsələnin ən maraqlı tərəfi və OCCRP-nin müstəqilliyinin bir fiksiya olduğunu təsbit edən fakt odur ki,  USAİD OCCRP-nin redaktorlarını və baş redaktorunu təyin etmək hüququna malikdir.

Göründüyü kimi, OCCRP müstəqil qurum deyil. Bəs tərəfsizlik necə, burada jurnalistikanın təməl prinsiplərindən biri qorunurmu? Əlbəttə yox. Baxın, NDR-in araşdırması ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən OCCRP ABŞ ilə bağlı araşdırma aparmaq hüququna malik deyil. OCCRP-nin sahibi Drew Sullivan deyir ki, “Bu ölkəni öz pulu ilə xəbər etmirik. Hesab edirəm ki, ABŞ heç hökuməti də buna icazə vermir… Ancaq belə məhdudiyyətlərin olmadığı digər ölkələrdə də bunu etmirik çünki bu sizi maraq toqquşmasına soxur və belə durumlardan uzaq durmaq istəyirik”. Çox maraqlı açıqlamadır. ABŞ, Avropa və ümumilikdə Qərb ölkələri, onların yaxın tərəfdaşları OCCRP-nin hədəfində deyil, qalan dünya, xüsusən də Azərbaycan qurumun bir nömrəli hədəfidir. Həqiqətən də, 2000-ci illərin əvvəllərində Microsoft və nəhəng mühəndislik-çalışma şirkəti olan Bechtelin bir neçə Balkan ölkəsində korrupsiya qalmaqallarında adları  keçirdi, ancaq bu məsələ nədənsə OCCRP-nin diqqətini cəlb etmədi. Baxmayaraq ki, bu qalmaqallar  OCCRP-nin yerləşdiyi coğrafiyada baş vermişdi və redaksiyanın fəaliyyət istiqamətlərinə uyğun gəlirdi.

Sullivanın özü də 2023-cü ildə media nümayəndələrinə göndərdiyi e-mail cavabında etiraf etmişdi ki, qurumun ABŞ ilə bağlı material hazırlamadığı barədə deyilənlər böyük dərəcədə həqiqətdir. Bunun səbəbi isə bütün büdcələrinin Vaşinqton və Corc Sorosun Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşməsi idi. Sullivan “ABŞ hökumətinin və ya Sorosun pullarını ABŞ ilə bağlı xəbərlərdə istifadə etməzdik”, – yazmışdı. Digər tərəfdən, OCCRP həm də ABŞ-nin xarici yardımları ilə bağlı “ABŞ xarici yardım qanunu”nun (US Foreign Assistance Act) “ABŞ-nin xarici siyasəti və iqtisadi maraqlarına uyğunluq və bunların irəliyə aparılması” tələbinə də riayət etməlidir.

Fotoda Corc Soros

Sensasiya doğuracaq daha bir məqam –  ABŞ hökuməti OCCRP-yə hansı istiqamətlər üzrə işləyəcəyi barədə direktivlər verməsi ilə bağlıdır. 2015-2019-cu illərdə ABŞ Dövlət Departamenti “Rusiya media məkanının balanslaşdırılması” adlı layihə üçün OCCRP-yə 2.2 milyon dollar ayırıb. Məsələnin ən maraqlı tərəfi də odur ki, ABŞ öncə OCCRP vasitəsilə bu məsələni araşdırıb sonra da işə FTB-ni qatıb.

2022-ci ildə OCCRP-yə Malta və Kiprdəki jurnalistlərin sayını artırmaq “cinayət və korrupsiya faktlarını ortaya çıxarmaq”. İki ada dövlətində araşdırmaçı jurnalistlərin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə iki illik bir layihə üçün İNL bir milyon dollar verilib. O da məlumdur ki, vergi cənnəti adlandırılan bu dövlətlər rusiyalı oliqarxların oylağı hesab olunub. Proqram 2023-cü ildə yenilənib və OCCRP-yə əlavə olaraq 1.3 milyon dollar həcmində vəsait ayrılıb.

Həmin vaxtı OCCRP paralel olaraq mərkəzi Vaşinqtonda olan nəzdindəki “Araşdırmaçı  Jurnalistlərin Beynəlxalq Konsorsimu” tərəfindən koordinasiya edilən  və Kiprdə maliyyə xidmətləri və sanksiyalardan qaçmaq imkanlarına istiqamətlənmiş geniş miqyaslı beynəlxalq  media araşdırması – “Cyprus Confidential”a qatılıb.

2023-cü il noyabrın 14-də nəticələrin yayımlanmasının ardından Kiprin rəhbəri xəbərdə əksini tapmış Rusiyaya qarşı yönəlmiş beynəlxalq sanksiyaların pozulmasına dair iddialarla bağlı araşdırma aparılacağını bəyan edib. Bundan 3 həftə sonra isə Federal Təhqiqatlar Bürosu  və ABŞ Maliyyə Cinayətləri ilə Mübarizə Agentliyinin 20-dən artıq əməkdaşı Kiprdə aparılan araşdırmaya köməklik göstərilməsi məqsədilə Lefkoşaya gəliblər.

USAİD rəhbəri Samanta Pauer Foreign Policy-nin təşkil etdiyi tədbirdə bildirmişdi ki, USAİD tərəfdaş təşkilatlara dəstək verməkdə davam etdir. Bu tərəfdaşlığın biri Qlobal Antikorrupsiya Konsosumudur (GACC) və onun əsas silahı da OCCRP-dir. Bu layihə çərçivəsində ABŞ hökuməti OCCRP-yə 10.8 milyon dollar vəsait ayırıb. Həmçinin, İNL “Meksika layihəsi” çərçivəsində OCCRP-yə 200.156 dollar, Dövlət Departamenti isə Venesuellada korrupsiya faktlarını müəyyənləşdirmək üçün təşkilata 173.324 dollar ayırıb.

Məsələnin digər tərəfi də olduqca sadə bir mexanizmlə bağlıdır. ABŞ xüsusi xidmət orqanları dövlətin maraqlarına dair hər hansı bir faktı müəyyən edir, sonra hökumət OCCRP kimi təşkilatları ortaya salıb, onlara həmin məlumatını verir, maliyyə  ayırır, daha sonra artıq rəsmi qaydada prosesə ağır artilleriya – ABŞ-nin xüsusi xidmət və dövlət orqanları daxil olurlar. Bundan sonrakı mərhələdə isə ittihamlar, sanksiyalar, hərbi müdaxilələr və s.

Beləliklə, bu günə kimi OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr aydındır. Məsələnin digər tərəfi, OCCRP və onun arxasında duranlar bu məsələyə necə münasibət göstərəcəklər. Məsələn, ABŞ Dövlət Departamenti, yaxud USAİD-in rəhbəri Samanta Pauer həmişəki kimi bu qədər faktı sadəcə inkar etmək yolunu tutacaqlar, yoxsa heç olmasa bir dəfə anlaşıqlı izahat vermək zərurətini qəbul edəcəklər.

https://www.mediapart.fr/journal/international/021224/la-tele-allemande-ndr-censure-sa-propre-enquete-sur-le-plus-grand-consortium-mondial-de-medias

https://www.dropsitenews.com/p/occrp-budget-funding-us-government-usaid

Qafqazinfo

Seçilən
16
7
editor.az

8Mənbələr