AZ

Xəyyamın şəkli ilə “layk” yığanlar, imdad diləyəndə HARDAYDINIZ BƏS? – Cəvahir Nehru yazır

Bir ildən artıq idi ki, xəstəxanalarda müalicə olunurdu. Ürəyi əl vermədiyi üçün onu dəyişdirmək lazım idi. Bunun üçün də nə az, nə çox ən azı 30 min manat vəsait tələb olunurdu. Belə götürəndə bir müğənninin iki-üç toydan qazancına bərabərdir. Amma nə olsun? Kim idi o pulu ona xərcləyən? Lakin ümid sonda ölür. Xəyyam sənət dostlarının sayəsində əməliyyatı üçün lazım olan məbləğin toplanacağı və sağalacağı günün həsrəti ilə yaşayırdı.

“Canım sənətə qurbandır” deyənlərin hamısı bir araya gəlib o pulu düzəldə bilmirdi ki, can yoldaşlarını ölümün caynağından ala bilsinlər. Bir neçə sənət dostu dəfələrlə sosial şəbəkələrdə, efirlərdə, saytlarda sənət cameəsinə çağırışlar etsələr də, bu bir il ərzində lazım olan məbləği toplaya bilmədilər. Çünki hər kəs bu çağırışa məhəl qoymadı. Deyilənə görə, nəhayət ki, bir nəfər imkanlı iş adamı irəli durub, pulu ödəyəcəyini deyib. Sənətçi bu gün əməliyyat olunacaqmış, amma “bir azca da döz” deyilən Xəyyamın ürəyi dözməyib.

Sevənləri də onun sağalması üçün dualar edirdi. Amma o günü nə özü görə bildi, nə də milyonlarla izləyiciləri…

Sağlığında Xəyyamı yada salmayan, xəstə yatağında ona baş çəkməyən, əməliyyatı üçün bir manatından keçməyən bəzi məşhurlar indi Xəyyamın şəkli ilə şəkilini qoşalaşdırıb, “ağı” deməklə, özlərinə “layk” yığmaqla məşğuldur. Öyrəşmişik axı, “öləndə badam gözlü” ağısına.

Olmazdımı, elə sağlığında ikən onun yanında olaydınız? Sağalması üçün beş manatınızdan keçəydiniz? Amma indi adam dünyasını dəyişib. Dəyişən kimi də elan olunub ki, Xəyyamın əməliyyatı üçün pul hazırdır. Bu pulun hazır olması elə Xəyyamın ölüm gününəmi qalmışdı? Bir ay, beş ay qabaqdan toplana bilməzdi?

İndi Xəyyamın şəkli ilə sosial şəbəkələrdə timsah göz yaşı axıdıb, özünüzü reklam etməyə ehtiyac yoxdur. Həyat bumeranqdır, bir gün siz də onun yerində ola bilərsiniz. Çünki xəstəlikdən və kasıblıqdan heç kəs sığortalanmayıb.

Seçilən
11
yenicag.az

1Mənbələr