“Fiorentina”nın baş direktoru Alessandro Ferrari “bənövşələr”in italyan yarımmüdafiəçisi Edoardo Bovenin son vəziyyəti barədə məlumat verib.
Arena.az xatırladır ki, İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilib və dərhal xəstəxanaya təxliyə edilib, oyun hesab 0:0 ikən təxirə salınıb.
“Bir azacıq nəfəsimizi dərə bilərik. Bu səhər “Edo”nu gördük, onun huşu başındadır, biz danışıb-söhbətləşdik. Onun hələ də nəzarət altında qalması gərəkdir, amma vəziyyəti sabitdir. Kommisso (Rokko Kommisso, “Fiorentina”nın prezidenti – redaktorun qeydi) bütün gecə bizə zəng edib və səhər o, ata “Edo” ilə danışıb. “Edo” həmçinin komanda ilə danışıb və onları şərşənbə günü “Empoli”ni məğlub etmələri gərək olduğuna inandırıb. Ona görə də sabahkı gün biz də “Edo”nun köklənməsi sayəsində meydana çıxacağıq. O, mümkün qədər tez tam həyata qayıtmaq arzusu ilə aşıb-daşır, daim yenidən futbol oynamaq istədiyini təkrarlayır.
O, həm də böyük məhəbbət duyduğunu söyləyib: təkcə azarkeşlərimizdən deyil, bütün idman dünyasından. Çoxları bizə dəstək ismarışları ilə zəng vurub: baş vermiş hadisəyə məhəl qoymayan bir klub da yox idi. İlk olaraq “İnter” əlaqə saxlamışdı.
Biz hələ də “Edo”nun bir futbolçu kimi gələcəyi haqqında danışa bilmərik, amma indi daha sakitik. Onu yenidən qucaqlamaq çox xoş idi”, – Ferrari “Fiorentina”nın mətbuat xidmətinə açıqlamasında bildirib.
İtalyan jurnalsit Canluka Di Martsio da özünün rəsmi saytında Bovenin son vəziyyəti ilə əlaqədar məlumat təqdim edib:
“Edoardo Bove reanimasiyaya yerləşdirildiyi və farmakoloji sedasiya altında olduğu xəstəxanada keçirdiyi gecə ərzində yaxşı istirahət edib. O, səhər ekstubasiya edilib. Hazırda o, şüurludur və suallara cavab verir. Nevroloji və ürək zədələri istisna edilir.
Bove müayinə gününü gözləyir. Axşam saatlarında “Fiorentina” və Kareci Universiteti Xəstəxanasından gəncin vəziyyəti ilə bağlı yeni birgə tibbi açıqlama gözlənilir”, – Di Martsionun məlumatında deyilir.
“Hazırda futbol yox, Bovenin sağlamlığı daha vacibdir”
Bu arada “Milan”ın baş məşqçisi, portuqal mütəxəssis Paulo Fonseka da Edoardo Boveyə mənəvi dəstəyini nümayiş etdirib:
“Mən oyunu izləyirdim, bu, çətin məqam idi. O, “Roma”da mənimlə çalışıb və baş vermişlərə görə mən ona təəssüblənirəm. O, indi daha yaxşıdır, amma hazırda futbol vacib deyil – onun sağlamlığı daha vacibdir. Bu, çətin vaxt idi. Hamımızdan – komanda və klub adından onu qucaqlayıram. Bu gün, burada, Milanelloda, biz baş verənlər haqqında çox danışmışıq. Onun tezliklə sağalmasını arzulayıram”, – “Football Italia” nəşri Fonsekadan sitat gətirir.
Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.
Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.
Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.
Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.