1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"MTN işi"ndə zərərçəkmiş kimi tanınan mərhum Cahangir Məmmədovun xanımı Yeganə Zeynalova Ali Məhkəməyə müraciət edib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Yeganə Zeynalovanın kassasiya şikayəti Cahangir Məmmədovun hüquqi varisi kimi tanınması ilə əlaqədardır.
Cahangir Məmmədov dünyasını dəyişdikdən sonra qardaşı Arif Məmmədov onun hüquqi varisi kimi tanınıb. Mərhumun həyat yoldaşı isə buna etiraz edir.
Yeganə Zeynalova hüquqi varis kimi məhkəməyə müraciət etsə də, birinci və apellyasiya instansiyaları onun iddiasını təmin etməyib. Bu baxımdan, o, Ali Məhkəməyə üz tutub.
Cahangir Məmmədov MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
İş materiallarından məlum olur ki, Cahangir Məmmədov qaçaqmalçılıq yolu ilə Gürcüstandan pirotexniki vasitələri Azərbaycana gətirməkdə ittiham edilib. O, 3 ay həbsdə saxlanılıb. Qardaşı Arif Məmmədov "MTN işi" ilə bağlı məhkəmə prosesində bildirib ki, qardaşı 80 000 manat pul müqabilində azadlığa buraxılıb.
Arif Məmmədov Cahangir Məmmədovun ölümü barədə də danışıb. "Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsində özünü atdı, həyatına son qoydu", - deyə o bildirib.