Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi çərçivəsində Şuşada olan Səudiyyə Ərəbistanının İdman Nazirliyinin Beynəlxalq Tərəfdaşlıq Direktoru Mazen Alsaadi deyib.
O, Şuşanın İslam Əməkdaşlıq Təşkilatı (OIC) tərəfindən 2024-cü il Gənclər Paytaxtı elan edilməsini yüksək qiymətləndirib.
"Əvvəlcə Azərbaycanın Gənclər və İdman Nazirliyinin bu möhtəşəm tədbiri təşkil etmək üçün göstərdiyi böyük səylərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Şuşanın OIC Gənclər Paytaxtı olaraq seçilməsi Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən uzaqgörən siyasətin və mədəni irsin qorunmasının bariz nümunəsidir. Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni dərindən heyran etdi", - deyə Mazen Alsaadi qeyd edib.
Mazen Alsaadi bu cür tədbirlərin müxtəlif ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində böyük rol oynadığını vurğulayıb. O, gələcəkdə də Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib:
"Şuşanın 2024-cü il üçün OIC Gənclər Paytaxtı seçilməsi, həm Azərbaycanın, həm də İslam dünyasının mədəni irsinin təbliği və gənclərin bir araya gəlməsi üçün əlamətdar bir hadisə kimi yadda qalacaq".