AZ

Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd olunub

Azərbaycan Universitetində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib. Sosial işin təşkili kafedrası tərəfindən keçirilən tədbirdə bildirilib ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü 1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə təsis olunub və bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Günün təsis olunmasının məqsədi ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltməkdir.

Tədbirdə iştirakçılar universitetin qonağı, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayevanın çıxışını dinləyiblər. Təranə Musayeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, “Günün tarixi”, “Əlillik və ona yanaşma”, “Ölkə və dünyadakı mövcud vəziyyət”, “Əlilliyin modelləri” kimi mövzulara toxunub. Çıxışda əlilliyi olan şəxslərlə işləyən sosial işçilərin peşə hazırlığı üçün zəruri olan bilik və bacarıqlar haqqında da məlumat verilib.

Təranə Musayeva qeyd edib ki, 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf siyasətinin əsas istiqamətlərindən biri əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Ardınca tədbir iştirakçıları ictimai birliyin üzvü, autizm sindromu olan məktəbli Ramiz Ağayevin ifasında “Vətən yaxşıdır” mahnısına qulaq asıblar.

Qeyd edək ki, tədbirdə kafedranın bir qrup müəllimi və sosial iş ixtisası üzrə təhsil alan II kurs tələbələri iştirak ediblər.

Seçilən
54
1
tehsil.biz

2Mənbələr