“Ulduz” jurnalının noyabr-dekabr sayı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.
Mia.az-ın məlumatına görə, jurnal “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ilə açılır.
Sonrakı səhifədə ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi yer alır. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” yazıları yer alır. Bu sayda Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Bahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” dahi şairin yaradıcılığından söz açır.
Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.
“Ulduz” jirnalı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan xüsusi nömrənin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.