Orada yeni həyat qurmağa gedirik — Şuşa sakini
Biz hamımız çox sevirik. Gözəl Şuşamız bizi gözləyir. "Qarabağın incisi"ni görməyə, orada yeni həyat qurmağa gedirik. Bu gün bu karvanda olmaq, ora belə bir təntənə ilə yola salınmaq çox qürurverici, əvəzolunmaz hissdir. Biz bununla qürur duyuruq. Ümid edirik ki, bu karvanların sayı zaman keçdikcə artar və illərin həsrətinə yaxın illərdə - tez bir zamanda son qoyular.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında bu gün Şuşaya köçən Qətibə Hüseynova söyləyib.
Q.Hüseynova, həmçinin gələcəyə dair ən xoş xəyallarının gerçəkləşəcəyinə ümidvarlığını bildirib.
"Hamımızın gözü aydın olsun. Azərbaycanlılar öz yurduna geri dönür, Böyük Qayıdış edirlər. Hər birimiz sonsuz ümid, sevgi ilə gedirik öz doğma Şuşamıza. İnanırıq ki, hər şey daha gözəl olacaq. Allah Ali Baş Komandanımızı qorusun. Ona inanırıq",- deyə keçmiş məcburi köçkün əlavə edib.
Sakin illərdir həsrətində olduğu günlərin, arzularının gerçəkləşməsində əməyi olan qazilərimizə cansağlığı, ordumuza qüdrət, şəhidlərimizə rəhmət diləyib.