Sian şəhərindəki Qazaxıstan – Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300 konteyner qatarı yola salınıb. “Qazaxıstan Dəmir Yolu” Şirkətinin mediada yayılan məlumatına görə, qatar “ADY Express” (Azərbaycan) və “Xi'an Free Trade Port” (Çin) ilə birgə əməkdaşlıq çərçivəsində göndərilib.
Məlumatda Qazaxıstan ərazisindən Azərbaycana gedən sonuncu 300-cü yubiley qatarı yükgöndərənlərin Orta Dəhlizə marağının yüksək olduğu və bu marşrutun Çin ilə Avropa arasında sürətli və səmərəli əlaqəni gerçəkləşdirən əsas nəqliyyat dəhlizlərindən biri kimi strateji önəm daşıdığı vurğulanıb.
“Qazaxıstan Dəmir Yolu” Şirkətindən bildirilib ki, ötən il Orta Dəhliz vasitəsilə 11, bu ilin əvvəlindən isə artıq 300 konteyner qatarı daşınıb. Bu nəticə əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib və Orta Dəhlizin səmərəliliyinin sürətlə artdığını təsdiqləyib.
Məlumatda, eyni zamanda, Siandakı terminalın Orta Dəhlizin inkişafına yeni təkan verən mühüm logistika qovşağı olduğu, Çinin müxtəlif əyalətlərindən yüklərin burada logistika proseslərini optimallaşdırmağa imkan verdiyi və nəticədə daşımalar üzrə yüksək göstəricilər əldə edildiyi vurğulanıb. Belə bir uğurun isə Çin, Azərbaycan, Qazaxıstan, eləcə də Orta Dəhlizin digər iştirakçılarının birgə səyi ilə əldə edildiyi diqqətə çatdırılıb.
Hazırda sözügedən dəhliz vasitəsilə Çindən daşımaların həcmi 20 fut ekvivalentində 27 min konteyneri ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.