Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.
“Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorlarının, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var.
Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır”, – deyə bəyanatda bildirilib.
XQ