Müxalifət bloku sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökuməti və XİN-i məhkəməyə verdi; Azərbaycanda da sülh sazişinin mətni haqda dəqiq bilgi yoxdur
Dekabr ayında Bakı və İrəvan arasında nizamlanma prosesindəki aktivliyin bərpa ediləcəyi gözlənilir. İndiyədək hər iki tərəfdən sülh sazişi mətninin böyük hissəsinin razılaşdırıldığı barədə rəsmi açıqlamalar verilib. Odur ki, dekabr danışıqlarının əsas mövzuları hələ də ortaq məxrəcin tapılmadığı məsələlər və onların mümkün sazişdə necə öz əksini tapması olacaq.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə görə, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi də dekabr danışıqlarının mövzusu olacaq.
Ermənistan parlamentinin “Hayastan” müxalifət blokunun 4 deputatı isə İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökumətə və Ermənistan Xarici İşlər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Parlamentarilər xarici işlər naziri Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli əmrinə etiraz etmək istəyirlər, həmin əmrlə sülh müqaviləsi layihəsinin mətni ilə tanış olmaq müxalifətə qadağan edilib.
Robert Makeyanın sədrliyi ilə keçiriləcək məhkəmə iddianı qəbul edib və ilk iclas 2025-ci il yanvarın 14-nə təyin olunub.
Oktyabrda baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, əslində spekulyasiyaya yol verməmək üçün sazişin mətnini müxalifətə göstərməyi qadağan edən odur. Onun sözlərinə görə, müxalifət mətni oxuyacaq, sonra parlamentin iclas otağına gələrək nağıl danışmağa başlayacaq.
Azərbaycanda da hansısa maddələr üzərində müzakirələr getsə də, sülh sazişinin mətni haqda dəqiq bilgi yoxdur. Əlbəttə ki, hələ sülh sazişi üzərində dəqiqləşmələr və razılaşdırılmayan maddələr var. Zamanı gələndə mətni bütün ölkə biləcək. Amma ermənilər niyə “yarıçıy” sülh müqaviləsi ilə tanış olmaq istəyirlər, onlara verilməməsinin səbəbi yalnız Mirzoyanın göstərdiyi səbəbdirmi?
Vüqar İsgəndərov
Deputat Vüqar İsgəndərov hesab edir ki, Ermənistanda sülh müqaviləsinin müddəalarının hələlik ictimaiyyətə açıqlanmaması da hazırkı məqamda doğru addımdır: “Çünki bir neçə dəfə görmüşük ki, Ermənistanda Qarabağla bağlı barışıq mövqeyi ortaya qoyulduqda mütləq şəkildə xoşagəlməz hadisələr baş verib. Bildiyiniz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli əmrində sülh müqaviləsi layihəsinin mətni ilə tanış olmaq müxalifətə qadağan edilib. Bu isə onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti sülh müqaviləsini müzakirə edilmədən razılaşdırılmış müddəalar əsasında bağlamağda maraqlıdır. Gözləyirik ki, dekabr ayında Bakı və İrəvan arasında nizamlanma prosesindəki aktivlik bərpa ediləcək. Çünki bütün revanşist qüvvələrin təzyiqlərinə baxmayaraq, Ermənistan rəhbərliyi sülh müqaviləsini bağlamaqda maraqlı görünür. Belə olarsa, ümid etmək olar ki, tezliklə Cənubi Qafqazda sülh tam bərqərar olacaq”.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Paşinyanın vaxtında erməni xalqını sülhə hazırlamaqdan başqa çıxış yolunun olmadığına toxundu: “Məlumdur ki, Azərbaycanın təklif etdiyi sülh sazişi özündə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan 5 baza prinsipi ehtiva edir. Amma bu prinsiplərlə bağlı razılığın əldə edilməsi üçün bir sıra məsələlərin həll olunması lazımdır. Bunlardan birincisi Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında və eləcə də bir sıra hüquqi sənədlərində ölkəmizə qarşı olan ərazi iddiaları ilə bağlıdır. Başqa sözlə desək, Ermənistan tərəfi mütləq şəkildə bu ərazi iddiaları ilə bağlı bəndləri öz konstitusiyasından çıxarmalıdır. Əks halda, imzalanacaq sülh sazişi öz əhəmiyyətini itirir. Çünki biz Azərbaycan olaraq sülh sazişini Paşinyanla deyil, Ermənistanla bağlayırıq, yəni sülh sazişi iki ölkə arasında bağlanmış sazişdir. Ərazi iddialarının qalması isə gələcəkdə hər hansı Ermənistan hakimiyyətinə öz ana qanunları, yəni konstitusiyaya istinad edərək sülh sazişini bir kənara atmaq imkanı verə bilər. Xüsusilə də Ermənistanın sürətli şəkildə silahlanması ilə baş qaldıran revanşist hisslər fonunda belə bir ehtimal hər zaman var. Odur ki, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün mütləq şəkildə konstitusiya dəyişiklikləri olmalıdır. Digər vacib məsələ bundan sonrakı mərhələdə delimitasiya və demarkasiya prosesinin hansı əsaslarla aparılması ilə bağlıdır. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılmış komissiyanın əsasnaməsində növbəti mərhələdə delimitasiyanın aparılmasının sülh sazişində göstəriləcək əsaslarla, yəni xəritələr əsasında aparılacağına dair maddə var. Ermənistan tərəfi hər nə qədər bütün prosesin Almatı Bəyannaməsi əsasında aparılmasını istəsə də, bu, real deyil. Çünki adıçəkilən bəyannamə keçmiş sovet respublikalarının dəqiq sərhədlərini özündə ehtiva etmir və hətta həmin bəyannamədə ölkələrin miqyas baxımdan ərazisi belə rəqəmlərlə ifadə olunmayıb. Belə olan halda Almatı Bəyannaməsinə istinad düzgün yanaşma sayıla bilməz. Razılaşdırılmamış məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Daha bir məsələ nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması ilə bağlı idi. Lakin hər iki tərəfin razılığı ilə bu məsələ sülh sazişi mətnindən çıxarıldı və həmin məsələnin ayrıca müzakirə olunması razılaşdırıldı. Ermənistan müxalifətinin sülh sazişi mətni ilə tanış olmaq üçün çabalarına gəldikdə isə bu, daha çox Paşinyan hakimiyyətinə qarşı istifadə etmək üçün dəlillər tapmaq arzusundan irəli gəlir. Ermənistan müxalifəti də kifayət qədər yaxşı başa düşür ki, imzalanacaq sülh sazişi nəyin bahasına olursa-olsun mütləq şəkildə Azərbaycanın maraqları nəzərə alınmaqla imzalanacaq. Birincisi ona görə ki, ədalət bizim tərəfimizdədir, ikincisi isə biz müharibədə qalib tərəfik.
Təbii ki, sülh sazişi mətnini müxalifətlə bölüşüb-bölüşməmək səbəbi nə olursa-olsun Ermənistanın daxili işidir. Nəticədə onsuz da saziş imzalandıqda hər kəs həmin sazişdə nələrin olduğunu görəcək. Amma yaxşı olardı ki, Paşinyan hakimiyyəti indidən Ermənistan ictimaiyyətini hazırlamaq üçün ən azından razılaşdırılmış məsələlərlə bağlı məlumatları bölüşsün. Xalqı sülhə hazırlamaq və sülh sazişinin Ermənistan üçün yeganə xilas yolu olduğunu başa salmaq lazımdır".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Azərbaycan tərəfi sona qədər Minsk Qrupunun ləğvi məsələsində israrını davam etdirməlidir: “Qondarma Minsk Qrupunun fəaliyyəti məsələsində Azərbaycan öz prinsipial mövqeyində qalmaqda davam etməlidir. İndi də gələk o məsələyə ki, bu ermənilər mətnlə nə üçün tanış olmaq istəyirlər. Bunun bir səbəbi cəmiyyəti proseslərə qoşmaq, səs küy salmaq və sülh prosesini uzatmaq istəyirlər. Bunun arxasında isə silahlanmaq, revanşizmi yaymaq istəyirlər. Daha sonra detalları bildikdən sonra öz "ağaları" ilə məsləhətləşmək istəyirlər. Sülhün əldə edilməsinə mane törətmək istəyənlərə o yarımçıq mətni bilmək lazımdır ki, bəlkə mətnin içərisinə yeni təkliflər daxil etsinlər. Paşinyan isə görür ki, dünyada intensiv proseslər gedir. Yeni-yeni müharibə ocaqları yaranır. Böyük dövlətlərin birinci dərəcəli maraq dairələri tez-tez dəyişə bilir. Paşinyan elə düşünür ki, zaman onun xeyrinə işləməyə də bilər. Amma təbii ki, Paşinyan da tam güvəniləcək bir danışıq müqabili deyil. Bir də erməni cəmiyyətindəki proseslərin idarə edilə bilməz hala gəlmə qorxusu vardır. Hazırda Gürcüstanda proseslər gedir. Mətnin ortaya çıxmasından sonra buna oxşar proseslər Ermənistanda da gedə bilər. Paşinyan hakimiyyətini qorumaq istəyir. Həm də bilir ki, proses uzandıqca dəngələr dəyişə bilər. Bir tərəfdən özü də zaman-zaman prosesi uzadır. Ancaq onun qorxduğu bir şey vardır. Ermənistanda idarə edilən xaosun yaranma təhlükəsi".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”