Hamı sülh istəyirsə, İrəvan niyə şərtlərə əməl etmir?
2024-cü il sona yaxınlaşdıqca Ermənistanın “sülh bəyanatları” da intensivləşir. Ən diqqətçəkən məqam isə aylarla, bəlkə də illərlə sülhə mane olan qüvvələrin də Ermənistanın “səsinə səs verməsi”, özünü sülhpərvər qiyafədə təqdim etməyə çalışmasıdır. Halbuki, 30 ilə yaxın işğaldan əziyyət çəkmiş Azərbaycan bu dövr ərzində də beynəlxalq hüququn təmini uğrunda dayanmadan mübarizə aparıb. Hələ Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan artıq tarixə qovuşmuş münaqişənin tənzimlənməsi üçün beynəlxalq konvensiyaların, aparıcı təşkilatların qətnamələrinin, xüsusilə BMT-nin məlum 4 qətnaməsinin icrasının vacibliyini önə çəkirdi - bütün dönəmlərdə prosesin sülh müstəvisində, danışıqlar yolu ilə tənzimlənməsi üçün səy göstərirdi. Bu gün sülhdən danışan dairələr və ölkələr isə gözlərini və qulaqlarını qapayaraq prosesi görməzdən gəlirdilər. Məhz bu münasibətdən cəsarətlənən Ermənistan Azərbaycanın illərlə səsləndirdiyi sülh çağırışlarına məhəl qoymayaraq yeni işğallar haqda “bəyanatlar” verməyə başladı. 2020-ci il Vətən müharibəsi nəticəsində isə Azərbaycan beynəlxalq hüququ və ədaləti bərpa etdi - ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan qalib tərəf olsa da, yenə də sülh danışıqlarını ən vacib element olaraq önə çəkdi - uzun illərdən sonra Cənubi Qafqazda davamlı və etibarlı sülh üçün zəmin yaranmasının vacibliyini ortaya qoydu. 2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə meydana çıxan proses 2024-cü il ərzində müəyyən irəliləyişlər əldə etsə də, konkret Qərbin Ermənistan üzərindən manipulyasiyalar aparması nəticəsində uğurlu sonluğa çatmır.
Sülh üçün...
Bu gün tamam fərqli bir mənzərənin şahidiyik - danışıqlar prosesinin hazırki fazasında razılaşdırılmamış bəzi müddəalar iki ölkə arasında sülh prosesinin nəticəyə hasil olmasına əngəl yaradır. Bu müddəalar isə mütləq və zəruri xarakter daşıyır. Çunki məhz bu müddəalar olmayacağı təqdirdə bölgəyə əbədi sülhün gəlməsi mümkün deyil - ermənilərin gələcək illərdə yenidən revanşizm arzusuna düşəcəyini isə istisna etmək olmaz. Bu baxımdan imzalanacaq sənəddə bütün suallar öz cavabını tapmalıdır. Ərazilərin demarkasiyası və delimitasiyası dəqiq araşdırılmalı və orada əks olunmalı, qarşıdakı illərdə hər hansı bir iddianın olmayacağına əminlik formalaşdırılmalı və öhdəlik olaraq götürülməli, qondarma iddialardan əl çəkilməli və bu öhdəlik Ermənistanın Azərbaycana qarşı iddialarının əks olunduğu rəsmi sənədlərdən çıxarılmalı, beynəlxalq platformalar üzrə Qarabağ məsələsinin tam bitdiyi elan edilməli və ATƏT-in Minsk Qrupunun rəsmən ləğv olunması bəyan edilməli, bölgədə hər hansı bir təhdidin qalmadığına əminlik yaradılmalı və təhlükəsizlik arxitekturasına yaranacaq təhdidlər aradan qaldırılmalıdır. Bir sözlə, sülh hərtərəfli və məzmunlu, dolğun olmalı, bütün ən xırda predmetlərə qədər açıq sual buraxmamalıdır. Paşinyanın və ya Mirzoyanın, ABŞ-ın və ya Fransanın “tələsik sülh imzalanması” tələsdirmələri isə onların “yarımçıq sülh” axtarışında olduğunu göstərir.
Qərb sülhdən danışır və Ermənistanı silahlandırır...
Maraqlı bir ziddiyyət ortaya çıxır - əgər Qərb Ermənistanın Azərbaycan ilə sülh müqaviləsi imzalamasında maraqlıdırsa, nə üçün Ermənistanı sülh şərtlərinə razı salmır? İllərlə Ermənistanın işğalçı siyasətinə haqq qazandıranlar, prosesi susqunluqla izləyənlər yenə də eyni mövqeni paylaşır - sözdə sülh haqqında danışır, amma real situasiyanın sülhə doğru yol alması üçün heç bir məsələdə İrəvana təzyiq göstərmir. Əksinə, sülhdən danışanlar Ermənistana silah-sursat daşıyır, modern komplekslər hədiyyə edir, qarşılıqsız olaraq silahlandırır. Təsadüfi deyil ki, işğalçı ölkə gələn il üçün rekord həcmdə - 1,7 milyard ABŞ dolları dəyərində hərbi büdcə müəyyən edib. Ermənistan Birləşmiş Ştatlar və Fransa ilə birgə hərbi təlimlər keçir??. Ötən həftəsonu Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikayelyan mövqelərə baxış keçirib. Mikayelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb. Mövqelərdə “xidmət”in yaxşı həyata keçirildiyini, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğunu bildirib. Demək ki, Ermənsitan sülhü dildə deyir - əməldə başqa ideyaya qulluq edir.
Qərbin tələskənliyi də onu sübut edir ki, sülh çağırışları səmimi davranış deyil - onlar sadəcə özlərini sülh üçün çalışan tərəf kimi qələmə vermək niyyətindədir.
Qərbin boğazdan yuxarı “sülh balladası”...
Sülhdən bəhs açan ölkələrin, qurumların və ya təşkilatların nümayəndələri, səfirləri, məsələ ilə bu və ya digər şəkildə maraqlanan şəxslər də danışır - amma sülh üçün heç bir iş görmür. Onlar Ermənistanın siyasi rəhbərləri ilə keçirdikləri görüşlərində onları qeyri-adekvat mövqedən çəkindirmir, ölkə Konstitusiyasındakı qondarma iddianın aradan qaldırılması üçün fikir bildirmir, keçmiş “Qarabağ münaqişəsi”nin ləğvi ilə ATƏT-in Minsk Qrupunun funksionallığının itdiyini etiraf etmirlər. Tam əksinə, yenə də əsassız şəkildə Azərbaycanı hədəfə alır, qərəzli münasibət bildirirlər. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien qərəzli şəkildə Azərbaycanı guya “güc tətbiq edən” tərəf kimi qələmə verməyə çalışır. Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar isə 2024-cü ilin oktyabrında Ermənistanın “sülhə hazır olduğunu” bildirir və Azərbaycanın “təzyiqlərinin” sülh prosesini çətinləşdirdiyini qeyd edir. Bu, qəbulolunacaq fikir deyil - Toivo Klaar bu kimi qondarma fikirləri ilə sülhə yox, əksinə, qeyri-stabilliyə xidmət göstərir.
O cümlədən Fransa prezidenti Emmanuel Makron həyasızcasına Azərbaycanın bölgədəki “hərbi fəaliyyətləri” barədə danışır. Bütün bunlar isə onu göstərir ki, Qərbin Ermənistanla birgə “sülh balladası” oxuması heç də prosesin müsbət yekuna tərəf irəlilədilməsi üçün deyil - bu kimi boğazdan yuxarı fikirlər imitasiyanın növbəti seriyasıdır...
P.SADAYOĞLU