İran Suriyadakı müttəfiqindən şimalda genişlənən üsyançı hücumuna qarşı qoşun göndərmək üçün hər hansı bir tələbi nəzərdən keçirəcəyini bildirib. Xarici işlər naziri Abbas Araqçi çərşənbə axşamı verdiyi açıqlamada bunu bəyan edib.
KONKRET.az xəbər verir ki, “Əgər Suriya hökuməti bizdən qüvvə göndərməyi xahiş etsə, onların müraciətini araşdıracağıq,” deyə Araqçi öz rəsmi Telegram kanalında yayımlanan müsahibə fraqmentində bildirib.
İran və Suriya onilliklərdir ki, yaxın müttəfiqdir və Tehran uzun müddətdir ki, Suriya silahlı qüvvələrinə hərbi müşavirlər təmin edir.
Bazar ertəsi günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi bildirib ki, “İranın hərbi müşavirləri Suriyada olub və hələ də oradadır” və bu müşavirlər Suriya hökumətinin istəyi əsasında ölkədə qalacaq.
İran hökuməti üsyançıların hücumunu Yaxın Şərqi qeyri-sabitləşdirmək məqsədilə ABŞ-İsrail planı kimi təqdim edir.
İran Silahlı Qüvvələrinin başçısı general Məhəmməd Baqiri dövlət televiziyasına açıqlamasında üsyançıların irəliləyişini “region üçün təhlükəli” adlandırıb.
Baqiri Suriyanın vəziyyəti ilə bağlı İraq və Suriya həmkarları, eləcə də Rusiya Müdafiə Naziri Andrey Belousov ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
Dövlət televiziyasının məlumatına görə, bütün tərəflər “Suriya ordusuna dəstək vermək üçün zəruri tədbirlər görəcəklərini” bəyan ediblər./milliaz