Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.
Dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb. Prezident Yun Sok Yol hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnaməni qəbul edib.
Cənubi Koreyanın konstitusiyasına əsasən, əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.
Parlamentin qərarından sonra prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması razılaşdırılıb.
Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.