Ermənistanda deputat hakim partiyadan xaric edildi
Hakim “Mülki Müqavilə” partiyasının İdarə Heyəti deputat Ovik Ağazaryanı sıralarından xaric edib.
Yeniavaz.com “Sputnik Ermənistan” istinadla xəbər verir bu barədə partiyanın sosial şəbəkə səhifəsində məlumat verilib.
“İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə Mülki Müqavilə partiyasından xaric edilib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək mandatını təhvil verəcəyinə ümid etdiyini bildirib. O, digər deputat Narek Zeynalyana da oxşar tövsiyəni verib. Paşinyan hər iki deputatın İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak etdiklərini xatırladıb.
Paşinyan xatırladıb ki, o, əvvəllər Kyaramyana istefa verməyi təklif edib və eyni səbəbdən deputatlara səlahiyyətlərini tərk etməyi tövsiyə edib. Zeynalyan artıq bu tələbi yerinə yetirib, Ağazəryan isə bundan imtina edib.
Ağazaryan artıq İstintaq Komitəsinin keçmiş rəhbəri ilə bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qarşısında ifadə verib.