AZ

Azərbaycanda daha bir sovet ənənəsi:Texniki baxışdan keçməyən avtomobillər

Bu günlərdə Azərbaycanda 1,9 milyona yaxın nəqliyyat vasitəsinin olduğu, onlardan cəmi 70 faizinin müntəzəm texniki baxışdan keçdiyi açıqlandı. Bəs baxışdan keçməyən maşınlar hardadır, yol polisi onları görmürmü?

Əslində bu açıqlama bir qədər çaşqınlıq da yaratdı.  Niyə, nə üçün sualları ortaya çıxdı. Lakin birmənalı şəkildə deməliyik ki, bu məsələ ilə bağlı yol polisinə qarşı hansısa ittiham səsləndirmək tamamilə qeyri-obyektiv olar. Çünki, DYP-nin səlahiyyətləri sonsuz deyil. Həm də adət-ənənə nəzərə alınmalıdır.  

Əgər ətrafa, xüsusən də kənd yerlərinə bir qədər nəzər salsaq görərik ki, texniki baxışdan keçməyən 30 faizi təşkil edən maşınların çoxu fiziki cəhətdən mövcud deyil. Sadə dildə desək, maşın 5-6 dəfə etibarnamə ilə əl dəyişib, taqətdən düşdükdən sonra isə sonuncu istifadəçi onu ya ehtiyat hissəsi, ya da metal tullantısı kimi satıb. Daha pisi isə, maşının hansısa bağın çəpərində, yaxuda da həyətdə toyuq damı olmasıdır. 
Əslində avtomobildən toyuq damı düzəltmək kreativlikdir, lakin burada pis bir ənənə də var. Həm də kökü 60-70 il əvvələ dayanan ənənə. 

Məsələ burasındadır ki, Azərbaycanda ömrünü başa vuran maşını kimsə özü metal və ya detal kimi satsa da, bunu rəsmiləşdirmək yaddan çıxır. Vəziyyət Azərbaycan SSR-də belə idi, müstəqil Azərbaycan Respublikasında da eynidir. Bu gün yaşlı nəslin nümayəndələrinin evində köhnə “Moskviç” və ya “Zaporojest” avtomobillərinə dair N sayda sənəd var. Bu maşınlar paralel olaraq polisdə də uçotdadır.  

Digər tərəfdən, kənd yerlərində istismar olunan minlərlə avtomobil də illərlə texniki baxışdan keçmir. Avtomobil sahibləri maşınları kənddə sürdüklərini və şoseyə çıxmadıqlarını əsas gətirərək texniki baxışdan keçmirlər. Bu maşınların çoxunun sənədləri də qaydasında deyil.

İndi isə gəldik məsələnin hüquqi tərəfinə. DYP bu məsələdə öz səlahiyyətləri çərçivəsində davranır. Polis heç kimi avtomobili istismar etməyə məcbur edə, yaxud da kiminsə həyətində köhnə maşının olub-olmadığını yoxlaya bilməz. Lakin çıxış yolu da var.

Xarici ölkələrin təcrübəsi göstərir ki, vətəndaşlasrın köhnə n.v-ni utilizasiyaya verməsi üçün maddi mükafatlandırma vacibdir. Lakin istismara yararsız texnikanın çıxdaş edilərək uçotdan silinməsi də tələb kimi qoyulmalıdır. Bunun üçün həm maarifləndirmə işi həyata keçirilməli, həm də qanunverici baza təkmilləşdirilməlidir.

Avtomobil vergisi n.v-nin istismar olunub-olunmamasından asılı olaraq alınarsa, o zaman heç kim istifadə etmədiyi, və ya fiziki mövcud olmayan texnikanı öz adında saxlamağa maraqlı olmayacaq.  Bu işin reallaşdırılması üçün qanunvericilikdə müəyyən dəyişikliklərin olması zəruridir. Yəni, məsələyə parlament də müdaxilə etməlidir.

O ki qaldı, cərimə meydançalarını dolduran metal yığınına (buna maşın deməyə adamın dili gəlmir – müəl.) bu işi məhkəmə qaydasında həll etmək mümkündür.

Vüqar Yaşaroğlu

Seçilən
51
avtosfer.az

1Mənbələr