Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO
Dekabrın 4-də növbəti köç karvanı ilə Şuşaya qayıdan daha 48 ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 164 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, açarların təqdim olunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər. Şuşaya qayıdan sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 minə yaxın insan yaşayır. *** 15:08 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dekabrın 4-də səhər saatlarında yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün 48 ailə olmaqla, 164 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.