"Bir millət iki dövlət şüarına uyğun fəaliyyət göstərməyimizə baxmayaraq, lazım gələndə bir dövlət kimi fəaliyyət göstəririk. Biz bunu artıq fəaliyyətimizdə sübut etmişik".
SeherXeber.org xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.
Çavuşoğlu bildirib ki, Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur."Biz xoş günümüzdə də, acı günümüzdə də bir yerdəyik"- o qeyd edib.
Çavuşoğlu əlavə edib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin liderliyində torpaqlarını işğaldan azad edib: "Bu qələbə təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən qələbə idi. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları gedir və müsbət nəticələrə inanırıq. Ermənistanın Azərbaycanın xoşniyyətli təkliflərinə müsbət cavab verməlidir".
Millət vəkili yurd-yuvalarından didərgin düşmüş Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmalı olduğunu qeyd edib:
"Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində mədəniyyət abidələrinin dağıdılmış şəkildə olması və mina təhdidi kimi problemlər mövcuddur. Ancaq bərpa-quruculuq işləri də sürətlə həyata keçirilir və məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıdırlar. Qərbi azərbaycanlıların da qayıtmasına şərait yaradılmalıdır".
M.Çavuşoğlu Cənubi Qafqazın enerji baxımından rolunun artmasına da diqqət çəkib:
"Bölgənin enerji və digər bir sıra məsələlərlə bağlı rolu artır və bu da əməkdaşlıq imkanlarını daha da genişləndirir. UİD-in yarandığı gündən qət etdiyi yol olduqca təqdirəlayiqdir. Birlik olduğu yerlərdə türk icmaları üçün böyük işlər həyata keçirib, həmçinin azərbaycanlılarla üçün də xidmət göstərib. Hazırda diqqətdə olan məsələlərdən biri xaricdə yaşayan azərbaycanlılarının hüquqlarının müdafiə edilməsinə daha çox dəstək göstərməkdir ki, bu istiqamətdə UİD-nin işlərinin genişlənəcəyinə inanırıq".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışı zamanı Beynəlxalq Demokratlar Birliyinin Bakı bürosunun əhəmiyyətli işlər həyata keçirəcəyinə böyük inam bəslədiyini bildirib:
"Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən və iş dünyasını təmsil edən Azərbaycan-Türk İş Adamları Birliyi və MÜSİAD Azərbaycanın da olduğu bir yerdə UİD Azərbaycanın Bakıda yeni bir komanda ilə fəaliyyətə başlaması mühüm addımdır. Türkiyənin Avropadakı bu təsisatının Bakıda da bürosunun fəaliyyət göstərməsi birliyimizi daha da gücləndirir və əməkdaşlığımızın inkişafına zəmin yaradır".
Mürtəza
SeherXeber.org