Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidentinin və bəzi müxalifət partiyalarının iddia ərizəsini qəbul etməyib. Məhkəmə iddiaları əsassız adlandırıb.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası qalib gəlib. Amma prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Onların iddiaları əsassız hesa olunub. Buna rəğmən proses göstərir ki, kənar qüvvələr Gürcüstanda xaotik durum yaratmaqda israrlıdırlar. Bunun üçün ölkəyə xeyli sayda diversant da göndərilib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze qeyd edir ki, Tiflisdə keçirilən etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var: “Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub”. “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vato Şakarişvili bildirir ki, xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır: “Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar. Onlar Gürcüstanda hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsi uğrunda mübarizə aparırlar. Çünki onlara məhz diktələri ilə işləyəcək qüvvələr lazımdır”. Onun sözlərinə görə, Avropa İttifaqının səfiri Pavel Herçinski və digər diplomatlar Gürcüstanda açıq şəkildə yalan danışır, cəmiyyəti aldadırlar və baş verənlərə mənfi təsir göstərirlər: “Tiflis küçələrində gördüyümüz hadisələrdə onlar məsuliyyət daşıyırlar. Onların əlləri gürcü xalqının qanına bulaşıb və mütləq gürcü xalqı qarşısında cavab verəcəklər”. Gürcüstan daxilində bu cür diplomatlara dəstək verən qüvvələrdən danışan politoloq deyib: “Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir. Bu şəxs xarici ölkələrin və xarici qüvvələrin maraqlarına xidmət edir, onların məqsədi isə Gürcüstanda müharibə, qarışıqlıq yaratmaq və ölkəmizi onların maraqlarına qurban verməkdir. Bu şəxs vəzifəyə seçildiyi ilk gündən antidövlətçi bəyanatları ilə fərqlənirdi. O, dəfələrlə bizə problemlər yaradıb. O, tamamilə qeyri-adekvat bəyanatlar verərək dost ölkələrlə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olub. Bu şəxs öz antidövlətçi hərəkətləri ilə seçilir. Onun prezidentlikdə çox az vaxtı qalıb. Buna baxmayaraq o, prezidentliyinin son günlərində belə çalışır ki, ölkəmizə ağır miras qoysun, ölkəni qarışıqlığa və qeyri-sabitliyə sürükləsin və bununla öz sahiblərini razı salsın, onlara olan borcunu ödəsin”.
Politoloq deyir ki, Avropadan və ABŞ-dan asılı olan siyasi qruplar və qüvvələr öz sonlarına yaxınlaşıblar: “Qlobal müharibə partiyasının qalıqları çalışırlar ki, Gürcüstanda öz quyruqlarını son dəfə yelləsinlər. Bu, Gürcüstana qarşı ilk haqsız münasibət deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu münasibətlər birtərəfli və qeyri-sağlam forma aldı. Onlar hər cür çalışırlar ki, Gürcüstan sülh və sabitlik yolunda irəliləyə bilməsin. Onlar regionda qarışıqlıq yaratmağa və Gürcüstanda qarışıqlıq toxumu səpməyə cəhd edirlər. Hazırda biz bu proseslərin şahidiyik. Birləşmiş Ştatlarda administrasiya dəyişir, ciddi dəyişikliklər gedir, Avropada, o cümlədən Avropa İttifaqının daxilində də ciddi proseslər baş verir. Bu qüvvələr son çırpıntılarını edir, son resurslarını xərcləyirlər ki, Gürcüstanda qeyri-demokratik yollarla, inqilab vasitəsilə, meydanizasiyanı tətbiq edərək hakimiyyət dəyişikliyi etsinlər və Gürcüstanı öz maraqları üçün istifadə etsinlər”. Gürcüstanın öz milli maraqları olduğunu diqqətə çatdıran Vato Şakarişvili əlavə edib: “İlk növbədə, bu, çox mürəkkəb və turbulent dünya reallığında sülhün və sabitliyin qorunmasıdır. İqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək lazımdır ki, bu yolla əsas məqsədimizə çataq. Bu məqsəd Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə o qüvvələrin maraqlarına uyğun deyil. Onlar agentura şəbəkəsinin arxasında dayanaraq ölkədə qarışıqlıq və destabilizasiya yolu ilə hakimiyyətə qayıtmağa çalışırlar. Milli maraq məhz Gürcüstanda ərazi bütövlüyünün bərpası, uzunmüddətli sülhün təmin olunması və iqtisadi rifahın əldə edilməsidir, hansısa ittifaqa qoşulmaq deyil. Hər hansı ittifaqa qoşulmaq bir dinin, bir doktrinanın səviyyəsinə qaldırıla bilməz. İstənilən ittifaqa qoşulma bizim üçün bir vasitədir, milli məqsəd və ya özlüyündə bir hədəf deyil”. Rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya müsahibəsində diqqəti digər başqa maraqlı məqamlara yönəldir: “Qərbin can atdığı ən pis ssenari Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qərb qüvvələri Gürcüstan hakimiyyətindən bunu istədi və nəticədə dəfələrlə rədd cavabı aldı. Gürcüstan hakimiyyəti qərblilərlə razılaşmadığı məqamların sayını artırmağa, suveren siyasət yeritməyə cəhd etməyə başlayan kimi, dərhal tufan qopdu. Gürcüstan rəhbərliyi hesab edir ki, indi ölkənin AB-yə inteqrasiyasını müzakirə etmək dövlətə ziyan vuracaq. Hakim “Gürcü Arzusu” partiyası Qərbim tələblərini yerinə yetirməkdən imtina etməyə başladı. Ukraynada Qərbin indi Gürcüstana tətbiq etdiyi oyun kartı tam olmasa da, işə yaradı və Rusiyanı bu cür siyasətlərinə qarşı öz resurslarından istifadə etməyə məcbur etdi”. Belyayev hesab edir ki, Qərb Gürcüstan və Ermənistanda bu kartı oynaya bilsə, dövlət çevrilişi həyata keçirə və öz himayədarlarını hakimiyyətə gətirə bilsə, bu, həm Rusiya, həm də Azərbaycan, İran və Türkiyə üçün problem olacaq: “Bölgə alovlanacaq. Ermənistanda qərbyönlü Paşinyan hələ də ehtiyatlı davranır və iki kresloda oturur. O, hələ də Rusiya ilə münasibətdən lazım olanı götürür, eyni zamanda Qərbin tələblərini yerinə yetirir. Bu ikili oyunu görən Qərb artıq Ermənistan baş nazirinin cilovunu möhkəm saxlamağa və ölkədəki qərbyönlü partiyaları daha da nüfuzlu etməyə çalışmağa qərar verib”.
Tahir TAĞIYEV