AZ

Qarabağın və Şərqi Zəngəzurun gələcəyi parlaq olacaq

Cəbrayıl rayonu bu prosesin ən önəmli məkanlarından biridir

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinə şahidlik edirik. Bu ərazilərdə yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura bürünür. Ümumiyyətlə, bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradılıb. 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Hazırda işğaldan azad olunan ərazilərdə bölgəyə köçən sakinlərin məşğulluğu üzərində iş aparılır. Böyük Qayıdış Proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. İndiyədək Qarabağa və Şərqi Zəngəzura köçən əməkqabiliyyətli insanlardan 1300 nəfəri daimi işlə təmin olunub. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək,  kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, həm də peşə hazırlığı məsələlərində onlara dəstək verilir. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. 2024-cü ilin ötən dövrü ərzində ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir.

Bu il işğaldan azad olunan ərazilərdə bir neçə əmək yarmarkası keçirilib. Əsas diqqət Böyük Qayıdış Proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğuna yönəlib. Şuşada ilk əmək yarmarkası 16 oktyabr tarixində təşkil olunub. Tədbirə 26 işəgötürən qatılıb və iştirakçılara peşə hazırlığı kursları, eləcə də iş imkanları təqdim olunub. Bu yarmarka Şuşada keçirilən ilk tədbir kimi xüsusi əhəmiyyət daşıyır. Noyabr ayında Laçında da əmək yarmarkası keçirilib. Burada işsiz və işaxtaran şəxslər üçün 200-dən çox vakansiya təqdim olunub. Yarmarka əsasən bölgədə iqtisadi fəaliyyətin yenidən qurulmasına və iş yerlərinin yaradılmasına yönəlib.
Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı uğurla davam edir. Elə bu günlərdə növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Bu mərhələdə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürülüb. Cəbrayıla isə 6-cı köç başa çatıb.   Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Cəbrayıl rayonu qayıdış   prosesinin ən önəmli məkanlarından biridir. 1993-cü ildə işğal edilən bu bölgə uzun illər dağıntılara məruz qalmış və demək olar ki, bütün infrastrukturu tamamilə məhv edilmişdi. Lakin 2016-cı ilin Aprel döyüşlərində Cocuq Mərcanlının azad edilməsi ilə başlayan qayıdış prosesinin davamı olaraq, 2020-ci ilin İkinci Qarabağ müharibəsində Cəbrayıl şəhərinin ətraf kəndlərinin işğaldan azad edilməsi Azərbaycanın Zəfər yolunda mühüm mərhələlərdən biri oldu.

2024-cü ilin sentyabrında Böyük Qayıdış Proqramı çərçivəsində Cəbrayıla ilk köç baş tutdu. İlk mərhələdə 36 ailə, 117 nəfər bu ərazilərə qayıdaraq öz doğma yurdlarında məskunlaşdı. Ardınca sentyabr və noyabr aylarında həyata keçirilən digər köç mərhələlərində yüzlərlə ailə dədə-baba torpağına qovuşdu. Ümumilikdə, Cəbrayıl şəhərində indiyədək 237 ailənin, yəni 912 nəfərin daimi yaşayışı təmin olunub.

Cəbrayılda quruculuq işləri yüksək sürətlə həyata keçirilir. Şəhərin mərkəzində 7,9 hektar ərazidə müasir yaşayış kompleksi tikilir. Mənzillər tam təmirli şəkildə, mətbəx mebeli və digər məişət avadanlıqları ilə təmin olunur. Tikililərin istilik sistemi mərkəzləşdirilmiş qazanxana vasitəsilə işləyir.

Bundan başqa, yeni parklar, uşaq oyun və idman meydançaları, yeraltı və yerüstü dayanacaqlar, sosial-məişət obyektləri istifadəyə verilir. Bu proses yalnız yaşayış məskənlərinin bərpası ilə məhdudlaşmır. Paralel olaraq, bölgənin iqtisadi potensialının inkişaf etdirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi üçün addımlar atılır. Yaxın gələcəkdə burada günəş enerjisi stansiyası tikilməsi planlaşdırılır ki, bu da Qarabağın yaşıl enerji potensialını daha da artıracaq.

İşğaldan azad edilmiş ərazilərdə təkcə məskunlaşma deyil, həm də sosial və iqtisadi infrastrukturun yenidən qurulması əsas prioritetlərdən biridir. Cəbrayıl şəhərində təhsil, səhiyyə, mədəniyyət, sənaye və turizm müəssisələrinin fəaliyyətə başlaması burada yaşayan əhalinin rifahını artırmağa xidmət edir.

Cəbrayılda həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinin yalnız hərbi deyil, həm də sosial-iqtisadi baxımdan zəfər olduğunu bir daha sübut edir. Dövlətin dəstəyi ilə həyata keçirilən bu layihələr, Qarabağın və Şərqi Zəngəzurun gələcəyini parlaq və davamlı inkişaf istiqamətində təmin edir.

Nigar Orucova, “İki sahil”

Seçilən
52
ikisahil.az

1Mənbələr