AZ

“13-cü maaş” BƏRPA OLUNUR?

Yazını böyüt
Yazını kiçilt

Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcək. Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb. Əmrdə qeyd olunur ki, SOCAR-ın struktur təşkilatlarının 2023-cü il üzrə performans nəticələrinə əsasən, işçi kateqoriyalarına uyğun olmaqla birfəlik mükafatlandırılma ödəniləcək. Əmrə əsasən, fəhlə, mütəxəssis və texniki heyət kateqoriyasında çalışan əməkdaşların ödənişləri bu ilin noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək. Strateji və taktiki rəhbər kateqoriyasında çalışan əməkdaşların ödənişləri isə 2025-ci ilin yanvar ayının əməkhaqqısı ilə birgə ödənilməsi təmin olunacaq.

Bu xəbərdən sonra Azərbaycanda digər sahələrdə işçilərə “13-cü maaş”ın verilib-verilməməsi məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, "13-cü maaş" anlayışı bir çox ölkədə işçilərin illik bonus kimi əlavə ödəniş almasını ifadə edir. Bu ödəniş, adətən, ilin sonunda və ya bayram dövründə verilir və işçinin illik əməkhaqqısına əlavə edilir. Bu addımla işəgötürənlər işçilərinin motivasiyasını artırır, əmək bazarında rəqabət gücünü yüksəldir, işçilərə xüsusi xərclər (bayram, tətil) üçün əlavə dəstək göstərir. Bu təcrübə bəzi ölkələrdə qanunla tənzimlənsə də, bəzilərində işəgötürənlərin təşəbbüsü ilə həyata keçirilir. Beynəlxalq praktikaya əsasən, bir çox ölkələrdə dövlət qulluqçuları, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları “13-cü maaş” alır. Bu, adətən illik büdcəyə daxil edilir və hökumət tərəfindən tənzimlənir. Məsələn, Braziliya, İtaliya, Portuqaliya və Filippinlərdə dövlət işçilərinə “13-cü maaş” qanunla təmin edilir. Banklar və maliyyə təşkilatları da işçilərini saxlamaq və motivasiya etmək üçün “13-cü maaşı” geniş şəkildə tətbiq edirlər. Bu sektorda bonus sistemi də geniş yayılıb, “13-cü maaş” bəzən bunun bir hissəsi kimi təqdim edilir.

Bundan başqa, iri istehsal müəssisələri, xüsusilə çoxmillətli korporasiyalar işçilərə “13-cü maaş” ödəmək təcrübəsinə malikdirlər. Bu, işçilərin yüksək səviyyədə məhsuldarlığını təşviq etmək üçün istifadə olunur. Məsələn, bu mükafat Almaniyada və Latın Amerikası ölkələrində istehsalat sektorunda geniş tətbiq olunur.

Ticarət və pərakəndə satış, neft-qaz sektorunda çalışanlar da il sonu “13-cü maaş”dan paylarını alırlar. Neft və qaz şirkətləri beynəlxalq səviyyədə rəqabət apardığı üçün “13-cü maaş” bir çox şirkətdə standart tətbiq olunur.

“13-cü maaş”ın məbləğinə gəlincə, miqdar və ödəniş şərtləri sektora, şirkətin maliyyə durumuna və regional fərqlərə görə dəyişə bilər. Məsələn, İtaliyada qanunla tənzimlənən “13-cü maaş” "Tredicesima" adlanır və illik əməkhaqqının 1/12 hissəsinə bərabərdir. Bu, ilin sonunda ödənilir.

Portuqaliyada “13-cü maaş” məcburidir və adətən, yay tətillərində, ya da ilin sonunda ödənilir. Miqdarı biraylıq maaşa bərabərdir.

İspaniyada “13-cü maaş” "extra payments" (əlavə ödənişlər) çərçivəsində verilir. Əmək müqaviləsinə əsasən, bəzən “14-cü maaş” da daxil edilir.

Braziliyada “13-cü maaş” qanunla məcburidir və "Gratificação de Natal" adlanır. Ödəniş iki hissədə həyata keçirilir: ilin ortasında və sonunda. Meksikada “13-cü maaş” "Aguinaldo" adlanır və qanunla tənzimlənir. İşçilərə, ən azı, 15 günlük maaş ekvivalentində ödəniş edilir. İndoneziyada bu ödəniş "Tunjangan Hari Raya" (THR) olaraq tanınır və dini bayramlar öncəsi ödənilir. Bir aylıq maaş qədərdir. Kiçik və orta bizneslərdə “13-cü maaş” daha az tətbiq edilir, çünki bu, kiçik şirkətlər üçün maliyyə yükü yarada bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və ya başqa normativ-hüquqi aktlarda isə bu cür mükafatların verilməsi barədə konkret məlumat yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verilməklə, əmək haqqına fərdi əlavə edilməklə, daha yüksək məbləğdə fərdi sığorta edilməklə, sanatoriya-kurort müalicəsi, turist səfərləri, yollayışının haqqı ödənilməklə, müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Başqa sözlə, "13-cü maaş"ın verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə "13-cü maaş"ı öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir. Bu qanun pozuntusu sayılmır.

Ekspertlər bildirirlər ki, müəssisə və işçilər ilə bağlanılan əmək müqavilələrində, kollektiv müqavilələrdə "ilin sonuna mükafatlandırma" barədə bənd varsa, bu zaman, vəziyyət dəyişir. Müəssisə "13-cü maaş"ı verməyə bocludur. Bu barədə əmək müqaviləsində qeydlər var və müəssisə öhdəlik götürüb ki, ilin sonunda müəssisənin nəticələrindən asılı olaraq işçilər mükafatlandırılacaqlar. Əgər ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.

Digər ölkələr kimi, Azərbaycanda da ilin nəticələrinə görə pul mükafatı müəssisə tərəfindən adətən Yeni il bayramından öncə verilir. Hər şey müəssisə rəhbərliyinin qərarından, hesablama qaydasından, müəssisədaxili maliyyə və kadr siyasətindən asılıdır. Bəzən, ilin nəticələrinə görə pul mükafatı və ya "13-cü maaş" il bitdikdə və müəssisənin maliyyə hesabatları dərc edildikdən sonra verilir. "13-cü maaş"ın məbləğinin nə qədər olması və nə cür hesablanması müəssisə rəhbərliyinin qərarı əsasında müəyyən edilir. Bu məbləğin nə qədər olmasını öncədən pronozlaşdırmaq çətindir.

Qeyd edək ki, "13-cü maaş"ın hesablanması sabit məbləğ formasında, işçinin əməkhaqqısının müəyyən faizi miqdarında və ya işçinin orta aylıq əmək haqqı miqdarında, mühasibat uçotu kimi müxtəlif qaydada aparıla bilər. İşçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar 533 N-li "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabında əks etdirilir. İşçilərə hesablanmış mükafatların məbləği mühasibat uçotunda aşağıdakı kimi uçota alına bilər:

müəssisənin xərclərinə aid edilməklə;

sair xərclərə aid edilməklə;

müəssisənin mənfəəti hesabına aid edilməklə.

Əgər ilin nəticələrinə görə olan mükafat müəssisənin daxili maliyyə, uçot və kadr siyasətində öz əksini tapıbsa mükafatlar müəssisənin xərcləri hesabına aid edilə bilər. Əks halda bu xərclər müəssisənin xalis mənfəəti hesabına ödənilməlidir.

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, mövcud qanunvericiliyə görə, əməkhaqqının tərkibi bir neçə hissədən ibarətdir:

“13-cü əmək haqqı” adlandırılan bu anlayış sovet dövründə geniş yayılmışdı. İşçilərə ilin sonunda verilən mükafatın bir növü idi. İndi qanunvericiliyə görə, əməkhaqqının tərkibi bir neçə hissədən ibarətdir. Əməkhaqqı, əməkhaqqına əlavə və mükafatlar. Mükafatın verilməsi də həmçinin müxtəlif formada ola bilər. Büdcə təşkilatları bunu büdcə haqqında qanunvericiliyə uyğun və yaxud idarə, təşkilatın təsdiq olunmuş normalarına uyğunlaşdıra bilər. Dövlət qurumlarından fərqli olaraq özəl qurumlar istənilən formada işçiləri mükafatlandıra bilərlər. Bu formalara aylıq, rüblük, əməkhaqqına əlavə, yardım və s. kimi formalar daxildir. Belə məsələlər kollektiv müqavilələrlə də tənzimlənir. Hazırda qanunvericilikdə bunu tam şəkildə tənzimləyəcək imperaktiv norma yoxdur. “13-cü əməkhaqqı” adlandırılan mükafatın verilməsi məcburi formada deyil. Buna görə də onunla bağlı reqlametləşdirici hər hansısa bir norma da yoxdur. Sahibkarlıq subyektləri “13-cü maaş”ın verilməsini özləri müəyyən edə bilərlər. “13-cü maaş”ın verilməsi də eyni şəkildə vergiyə və sosial ödəməyə cəlb olunmalıdır. Büdcə təşkilatlarında isə bu müəyyən olunmuş normalara əsasən həyata keçirilir”.

Seçilən
12
7
hafta.az

9Mənbələr