“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə çəkiliş zamanı heyətin dronunun Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən vurulduğunu deyib.
Modern.az-ın məlumatına görə, o, bu barədə kulis.az-a müsahibəsində danışıb. Rejissorun sözlərinə görə, dronun havaya qaldırılması üçün icazə alınmayıb, bu səbəbdən də çəkilişdən bixəbər olan DSX dronu vurub. O, bunun DSX əməkdaşları ilə zəng zamanı dəqiqləşdirdiyini açıqlayıb.
Məsələyə serialın prodüseri Sevinc Əliyeva da münasibət bildirib. Ancaq o, rejissorun müsahibədə dediklərinin həqiqətə uyğun olmadığını vurğulayıb:
“İctimai Televiziya və mən SFN Prodakşnın rəhbəri (“Vətəndaş A” serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”, - o qeyd edib.
Bundan əlavə, S. Əliyeva dron operatoru Orxan İslamovun da açıqlamasını yayıb.
“TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vurmayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur.
Ona görə də, məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım, 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur”, - açıqlamada bildirilib.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən (DSX) “Qafqazinfo”ya bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.