Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Bu barədə Moderator.az-a Paralimpiya Komitəsindən məlumat verilib. Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.
Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
Dünya Taekvondo Federasiyası tərəfindən ilin ən yaxşı kişi parataekvondoçusu seçilən İmaməddin Xəlilovun fikirləri:
"2024-cü ildə bütün titullara yiyələndim. Karyeramdakı hədəflərimdən biri təkcə öz çəkimdə yox, bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm".