Bu ilin əvvəlindən Qazaxıstanın hüquq-mühafizə orqanları dörd terror aktının hazırlanmasının qarşısını alıb.
Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ermek Sagimbayev bu barədə prezident Kasım-Jomart Tokayevə məlumat verib.
“Milli təhlükəsizlik orqanları dörd terror aktının hazırlanmasının qarşısını aldı. Terrorçuluq və ekstremizmdə iştiraka görə 84 nəfər məhkum edilib, 44 nəfər saxlanılıb. Terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinərək axtarışda olan 6 Qazaxıstan vətəndaşı Suriya və Türkiyədən ekstradisiya edilib, onlardan ikisi mühakimə olunub. Terrorizm və ekstremizmlə məşğul olan 824 əcnəbinin Qazaxıstana daxil olmaq cəhdlərinin qarşısı alınıb”, - deyə Qazaxıstan liderinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bunun üçün 19 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz dövriyyədən 500-dən çox odlu silah və 15 mindən çox döyüş sursatı ələ keçirilib.