AZ

Raymond Bondin: Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur

Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Reallıqları təqdim edərək bunların qarşısı alınmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Mədəni irsin bərpası və qorunması” mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, irs xalqı xalq edən bir sərvətdir və bəzən müəyyən qüvvələr ondan təxribat vasitəsi kimi istifadə edə bilirlər:

"İrs xalqı səciyyələndirən xüsusiyyətlərin toplusudur və buna görə də bəzi pisniyyətli qüvvələrin əlində təxribat vasitəsi kimi istifadə edilə bilər. Qərbi azərbaycanlılar bu kimi hallara qarşı çox ehtiyatlı olmalıdırlar. Məsələn, Şuşadakı kilsəni ermənilər özləri işğal dövründə dağıtmışdı, ancaq elə təqdim edirdilər ki, guya azərbaycanlılar onu dağıdıb. Daha sonra iddia etdilər ki, Azərbaycan onun görüntüsünü dəyişib, halbuki 40 il əvvəlki görüntünü dəyişəcək heç nə edilməyib".

Çıxışçı vurğulayıb ki, Şuşadakı dağıntılar bütün ərazidə həyata keçirilib:

"Ermənilər məscidlərdən tövlə kimi istifadə ediblər. Bu, qəbuledilməz bir addımdır. Azərbaycan bu gün mümkün qədər bərpa işləri həyata keçirməyə çalışır ki, tarixi abidələri əvvəlki görkəminə qaytara bilsin. Mən Qarabağda olmuşam, orada həddən çox mina basdırılıb. Hesablamalara əsasən, işğaldan azad edilmiş ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri hazırda həyata qaytarmağa çalışır".

R.Bondinin sözlərinə görə, tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır:

"Qarabağda iki mağara var və həmin ərazi tarixilik baxımından böyük əhəmiyyət kəsb edir. Burada söhbət təkcə Azərbaycanın yox, bütöv bəşəriyyətin tarixindən gedir. Çünki həmin mağaralar qədimdə insanların məskəni olub. Oradakı işarələrin tarixi çox qədimdir. Bu barədə beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq lazımdır. Çünki Azərbaycan çox ciddi işlər görür, tədbirlər keçirir, insanları bir araya toplayır. Mən kiçik bir ölkədən gəlirəm, amma beynəlxalq arenada Azərbaycanla bağlı yanlış fikir həddən çoxdur".

Seçilən
58
far.az

1Mənbələr