AZ

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb - Yenilənib

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb...

Poliqon xəbər verir ki, 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi tədbirdə müxtəlif panel sessiyaları keçirilib.

"Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolu", "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyalarında qonaqlar müzakirələr aparıblar.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov konfransın bağlanış mərasimində çıxışı zamanı deyib ki, müzakirələr Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsinin davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri olduğunu göstərib.

"Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik".

Qeyd edək ki, konfrans sabah da davam edəcək. Sabahkı proqramda qonaqların Bakıda gəzintisi, həmçinin beynəlxalq konfransın mədəni hissəsi baş tutacaq.

Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının həyata keçirilməsi də nəzərdə tutulur.

***

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı başlayıb.

“Report” xəbər verir ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək.

Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edir.

Bundan başqa, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan olmaqla ümumilikdə 101 xarici qonaq var.

Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi yer alır.

Eyni zamanda 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları da tədbir iştirakçıları arasındadır.

Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.

Eyni zamanda tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur.

İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir.

Qeyd edək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

Poliqon.info

Seçilən
24
17
poliqon.info

10Mənbələr