AZ

Ermənistan Bakının son sülh layihə təklifinə hələ cavab verməyib- Simonyan COP-u bəhanə etdi...

Image

Əli Mustafa: “Prosesin yubanmasını COP29-la əlaqələndirməyin heç bir əsası yoxdur”

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələr davam edir və proses təkliflər əsasında irəliləyir. Bu barədə məlumatı Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlayıb.

O, daha sonra bunları qeyd edib: “Proses davam edir. Bakıda COP29 tədbirinin keçirilməsi ilə əlaqədar olaraq qısamüddətli fasilə yaranıb. Azərbaycan tərəfi bunu iş qrafikinin sıxlığı ilə izah edib. Hazırda müzakirələr konstruktiv şəkildə davam edir və "təklif-müzakirə" formatında irəliləyirik”. 

Simonyan ümumi vəziyyəti müsbət qiymətləndirərək, tərəflər arasında dinamikanın ümidverici olduğunu əlavə edib.

Simonyan deyir ki, COP-a görə danışıqlarda fasilə yaranıb. COP29 Azərbaycanda keçirilsə də, top Ermənistanda idi. Sonuncu dəfə Azərbaycan COP29-dan əvvəl sülh sazişi layihəsi ilə bağlı təkliflərini verib. Belə olan halda Ermənistanın COP29 tədbirinin keçirildiyi vaxt sülh sazişi ilə bağlı təkliflər göndərməsinə mane olan nədir? Əgər onlar bunu istəsəydilər, elə həmin vaxt təkliflərini göndərərdilər. O baxımdan Simonyan ağ yalan danışır. Çünki aldıqları təklifin cavabını hələ də verməyiblər.

“Əgər Azərbaycan tərəfi sıx qrafikə rəğmən təklif veribsə, o zaman ermənilərə nə mane olurdu?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, bu, Ermənistan hakimiyyətinin seçdiyi özünəməxsus “dəsti-xətdir”: “Onlar neçə müddətdir davamlı olaraq sülh məsələləri ilə bağlı pozitiv mesajlar verirlər. Bu da məşhur “qız evində toydu, oğlan evinin xəbəri yox” məsəlinə oxşayır. Bəzən onlar bizim adımızdan da müsbət mesajlar verirlər ki, danışıqlar gedir, proses gedir. Hətta proses getməyəndə belə, sanki bununla süni görüntü yaratmağa çalışırlar. Guya ermənilər xoşniyyətlidir. Elə fon yaradırlar ki, tərəflər arasında ciddi uzlaşma var. Bu da ola bilər ki, burada Rusiyanın müdaxiləsi olmasın deyə, belə bir təəssürat yaratmaq istəyirlər. Təki Rusiya vasitəçi olmasın və qarışmasın. Fikrimcə, bu, söz oyunu da ola bilər. Digər tərəfdən, Ermənistan “başımızın altına yastıq” qoymağa çalışır. Çünki sülh mesajları versələr də ciddi şəkildə silahlanırlar. Məqsəd vaxt qazanıb güclənməkdir. Ona görə də əsla onların təsiri altına düşmək və erməni tərəfinə güvənmək olmaz. Danışıqlar getmirsə onu dayandırmaq lazımdır. Əgər Azərbaycan tərəfi sıx qrafikə rəğmən təklif veribsə, o zaman ermənilərə nə mane olurdu? Prosesin yubanmasını COP29-la əlaqələndirməyin heç bir əsası yoxdur. Ermənistan doğrudan da sülh istəyirsə, çox sürətlə təkliflərini hazırlamalıdır. Deməli, onlar da burada çox da tələsmir. Üstəlik, bu minvalla bizi arxayın salıb müharibəyə hazırlaşırlar. Bir sözlə, bu, erməni tərəfin hiyləgər siyasi söz oyunudur”.

Vidadi ORDAHALLI





Seçilən
40
baki-xeber.com

1Mənbələr