İğdır-Naxçıvan Qaz Boru Xəttinin tikintisi qrafika uyğun olaraq vaxtında tamamlanıb və yaxın zamanda rəsmi açılışı planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub:
"Bu ilin sentyabr-oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı. Beləliklə artıq Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq".
Baş konsul qeyd edib ki, yaxın zamanlarda Türkiyənin önəmli banklarından biri olan "Ziraat Bankı" da Naxçıvanda fəaliyyətə başlayacaq:
"Artıq bank filialının lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmir işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq".
www.anews.az