AZ

Yeni il tətilində dincəlmək istəyənlər - Bölgələrdə kirayə evlər neçəyədir?

Paytaxt sakinlərinin əksəriyyəti Yeni il bayramını daha əyləncəli keçirmək üçün Bakıdan kənara can atır...

Büdcəsi imkan verənlər xarici ölkələrə, bir qisim isə bölgələrə üz tutur.

Amma daha çox insan rayonlara və əsasən də kirayə evlərə üstünlük verir. Bunun da başlıca səbəbi hotellərin qiymətinin daha yüksək olmasıdır.

Bəs bu il bölgələrdə kirayə evlərin qiyməti neçəyədir? Ümumiyyətlə, daxili turlar neçəyə başa gəlir?

Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hər il bayramlarda bölgələrə istirahətə gedənlərin sayı artır:

"Böyük ehtimalla bu il də vətəndaşlarımız bayram günlərində həm ölkə daxilinə, həm də Azərbaycandan kənara səyahətlər planlaşdırırlar. Xüsusən, bu qısa müddətdə regionlara tələbat daha çox olacaq. Ona görə hazırda regionlardakı hotellər bununla bağlı təqdimatlara, kampaniyalara hazırlaşırlar. Eyni zamanda, xaricə müxtəlif istiqamətlərdə turlar təşkil olunur. 300-400 manata xarici səfər imkanları olduğunu görürük".

Ekspert deyir ki, ölkə daxilində isə bu səfərlər 100-120 manatdan başlayaraq 500 manat arasındadır:

"Hətta Yeni il şənlikləri olarsa, 1 000 və ya ondan daha yuxarı qiymətə turistik paketlər təklif olunur. Düzdür, bəzi insanlar deyirlər, bu, bahadır, bəzilərinə isə uyğun görünür. Bir qisim də hesab edir ki, bu məbləğə xaricdə dincəlmək olar. Bu da doğrudur. Amma məsələ odur ki, tələbat və ona uyğun da alıcı var".

C.Aşurovun fikrincə, ötən illə müqayisədə hotel və kirayə evlərdə qiymətlər qalxmayıb:

"Deməzdim ki, qiymətlər qalxıb. Əksinə, məkanlar çoxalıb. Hər il yeni məkanlar, hotellər açılır. Kirayə evlərin, villaların sayı artıb. Evlərdə daha uyğun qiymətə ailə ilə qalmaq mümkündür.

Bu məbləğ günü, yaxud sutkası 50-60 manatdan başlayaraq, 500 manatadək dəyişə bilir".

Ceyhun Aşurov onu da bildirib ki, dincəlmək üçün bölgələri seçənlər, əsasən, Bakıya yaxın bölgələrimizə, yolu daha asan məkanlara üz tuturlar.

Poliqon.info

Seçilən
33
2
poliqon.info

3Mənbələr