“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub.
Ekologiya.az bildirir ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.
Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.
Forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib.
Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın 2024-cü il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli bir addım olaraq gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunub.
Tədbirin sonunda Forum iştirakçılarının xatirə fotosu çəkilib.