AZ

Harri Keyn klublararası DÇ-nin yeni formatı haqda danışdı

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn yenilənmiş klublararası dünya çempionatı haqda fikrini bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu klublararası dünya çempionatında “Bayern”in heyətində oynamaq mənim üçün böyük şərəfdir. Mən həqiqətən də biz futbolçuların klub səviyyəsində dünyanın ən yaxşı oyunçuları ilə rəqabət apara biləcəyimiz yeni yarışın intizarındayam. Bir futbolçu olaraq hər zaman ən yüksək səviyyədə çıxış etmək istəyirsən. Qarşıdakı oyunlar üçün çox həyəcanlıyam və yeni tərtibat üzrə keçiriləcək yarışın ilk qalibinin kimin olacağını gözləyirəm”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək.

“Bayern” “Benfika”, “Boka Xuniors”, “Oklend Siti”nin yer aldıqları “C” qrupunda mübarizəyə başlayacaq.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 19 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 64 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
55
arena.az

1Mənbələr