İordaniyanın daxili işlər naziri Mazen əl-Faraya Suriyanın Dəraa şəhərindən 15 km cənubda, Suriya ilə sərhəddə yerləşən “Nəsib” əsas nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.
AFP xəbər verir ki, qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən qəbul edilib.
Bundan bir qədər əvvəl “Reuters” Suriya ordusundakı mənbəyə istinadən xəbər vermişdi ki, İordaniya və Suriya sərhədindəki “Nəsib” keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub. Agentliyin həmsöhbətinin sözlərinə görə, onlarla sərnişin və yük maşını ərazidə qalıb. “Al Hadath” mənbələri yazır ki, yaraqlılar Suriya tərəfindəki keçid məntəqəsinə nəzarəti ələ keçiriblər. “Mazen əl-Faraya” dəqiqləşdirib ki, İordaniya yük maşınlarının keçid məntəqəsi vasitəsilə İordaniyaya qayıtmasına icazə veriləcək, lakin əks istiqamətdə çıxış bağlanıb.
//Samir Qurbanov, Editor.az