Əli Babayevi döyməkdə ittiham olunan müxalifətçi həbs olunub
Tbilisi şəhər məhkəməsi Gürcüstanın aparıcı müxalifət partiyalarından birinin – “Güclü Gürcüstan” partiyasının liderlərindən olan Aleko Elisaşvili “barəsində həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Aleko Elisaşvili Cinayət Məcəlləsinin 156-cı maddənin 2-ci hissəsinin “A” yarımbəndində nəzərdə tutulan cinayətə görə həbs olunub. Bu cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 2-də Aleko Elisaşvili Tbilisinin Kostava küçəsində yerləşən apteklərdən birində hakim “Gürcü arzusu” partiyasının üzvü Əli Babayevə hücum edib və ona fiziki təzyiq göstərib.
Elisaşvilinin vəkili isə Babayevin müxalif siyasətçini təxribata çəkdiyini iddia edir.