AZ

Maltada erməni “ağlaşması”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ATƏT-in Nazirlər Şurasının Maltada keçirilmiş 31-ci iclasındakı çıxışına müxtəlif aspektlərdən yanaşmaq mümkündür. Əvvəlcə bir məqamın üzərində dayanaq. Söhbət ATƏT-in funksiyasından, yəni, təhlükəsizlikdən gedirsə, deməli, Mirzoyan üçün prioritet məhz Ermənistanın üzləşdiyi durum olmalıdır.

O, Azərbaycanla sülh gündəmi və Türkiyə ilə münasibətlərin normalaşmasından danışır. İlk baxışdan, hər şey çox yaxşı görünür. Amma nazirin fikirlərində problemli cəhətlər var və onlara diqqət yetirəcəyik.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl ölkə parlamentindəki çıxışında “Məzlum millət”, “ordu millət” düsturları kimi qiymətləndirdiyi məsələdən söz açmışdı. Onun dediklərindən belə çıxmışdı ki, ermənilər dünyada məzlum xalq kimi tanınıb. Daha doğrusu, özlərini belə tanıtdırıblar. Mövcud istiqamətdə danışılan yalanlara isə o qədər inanıblar ki, məzlumluğu aradan qaldırmağın yolunu ordu millətinə çevrilməkdə görüblər.

Paşinyan dolayısı ilə hər iki düsturun mənasızlığını açıqlamış və mövcud ritorikadan uzaq durulmasının vacibliyini əsaslandırmağa çalışmışdı. Məsələn, baş nazir demişdi ki, Ermənistana güclü ordunun lazım olduğunu bildirərkən həmin ordunun kimə qarşı döyüşəcəyi məsələsi də nəzərdən keçirilməlidir.

Yəni, bu, o deməkdir ki, güclü ordu ölkənin və xalqın problemlərini həll etməyəcək. Deməli, “ordu milləti”nə çevrilməyə təhrik edən məzlumluğa “yox” deyilməlidir.

A.Mirzoyanın “Malta manifesti”ndən gəlinən nəticə isə budur ki, rəsmi İrəvan yenə məzlumluq ritorikasına köklənib. Erməni XİN rəhbəri bildirib ki, il ərzində Ermənistan ATƏT-in ontoloji çağırışlarla üzləşməsini təmin etmək, xüsusən, iştirakçı dövlətlər arasında etimad və əməkdaşlıq yaratmaq səylərinin təşviqi, erkən xəbərdarlıq və münaqişələrin qarşısının alınması vasitələrinin sürətli tətbiqinə çağırmaq üçün bütün səyləri göstərib: “Təəssüf ki, hamımız həm kollektiv, həm də fərdi şəkildə öz səylərimizdə uğursuzluğa düçar olduq”.

Ardınca isə Mirzoyan deyib ki, Ermənistan uzun müddətdir ATƏT-in bütün məsuliyyət zonasında öz prinsiplərinin tam tətbiqini, güc yolu ilə bağlı ilkin xəbərdarlıq əlamətlərinin mövcudluğunu, çevik və qətiyyətli hərəkətlərə çağrılmasını müdafiə etsə də, təşkilatın münaqişələrin qarşısının alınması mexanizmləri və alətləri hərəkətsiz qalmaqda davam edir: “Lakin tənqidimiz yalnız o kontekstdə qəbul edilməlidir ki, biz başqa heç bir şəraiti nəzərə almadan, öz mandatlarına, öhdəliklərinə və prinsiplərinə ciddi şəkildə əməl edən effektiv təhlükəsizlik təşkilatına malik olmaq istəyirik”.

Göründüyü kimi, Mirzoyan ATƏT-in tədbirində ağlamaqla məşğuldur. Məlumdur ki, Ermənistanın qlobal təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Yəni, ölkə o statusda deyil ki, məsələdən söz açsın. Onun yalnız öz qayğısına qalması lazımdır. Ancaq Mirzoyanın nəzərində çarə tapmağın yolu ağlaşma qurmaqdan keçir. Birbaşa açıqlamasa da, nazirin nə demək istədiyi bəllidir və “təhlükəsizlik səylərinin uğursuzluğa düçar olması” məntiqi ATƏT-in Azərbaycana qarşı heç bir tədbir görməməsinin, daha doğrusu, görə bilməməsinin subliminal mesajıdır. Başqa sözlə desək, Mirzoyan qurumu effektivsizlikdə qınayır. Sən demə, Ermənistan güc tətbiqinin mövcudluğuna dair xəbərdarlıqlar edibmiş, təşkilat buna məhəl qoymayıbmış. Yenə hədəfin Azərbaycan olduğu gün kimi aydındır.

Baxın, erməni nazir “bu gün bütün dünyanın üzləşdiyi çağırışlar bizi sülh və sabitliklə bağlı məsələlərdə ayıq-sayıq olmağa məcbur edir” dedikdən sonra Ermənistanın bütün bunları nəzərə alaraq, Azərbaycanla münasibətlərin tam nizamlanmasına yönəlmiş danışıqlardakı konstruktiv iştirakçılığının davamlılığını diqqətə çatdırır. Deməli, “sözünün mustafasını” açıqlayır və bir daha ayının min oyununun bir armudun başında olduğu ortaya çıxır.

Əlbəttə, ikitərəfli danışıqların sərhədlərin demarkasiyası qaydalarının müəyyənləşməsi seqmenti müsbət haldır. Amma Mirzoyanın burada əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinin qəbul edildiyini bildirərək, sənədi ehkamlaşdırması yolverilməzdir. Çünki bəyannamənin əsas kimi götürülməsi hələ heç də o demək deyil ki, sərhədin bütün tərəflərinin müəyyənləşməsində ondan istifadə şərtdir. Başqa sözlə desək, Mirzoyanın “bu sənəd prosesin səmərəli davam etdirilməsinə zəmin yaradacaq və bununla da regionda sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək” fikri mənasızdır. Həm də ona görə ki, o, demarkasiya işlərinin cəmi 12 kilometrlik ərazidə aparıldığını vurğulayır. 12 kilometrlik ərazidə sərhəd xətti dəqiqləşib, ancaq hay cəmiyyətində isteriya formalaşıb. Gör, başqa hissələrdə iş aparılsa, Ermənistandakı revanşist və şovinist kəsim hansı oyunu çıxarar? Belə olan təqdirdə, erməni iqtidarı bir sənədə köklənməkdənsə, gərək iradə nümayiş etdirib demarkasiyaya qarşı çıxan mənfi meyillərə cəbhə açsın? Açırmı? Əlbəttə ki, yox!

Həm axı sülhün yalnız sərhədlərin delimitasiyası və demarkasiyası məntiqi yoxdur. İstər Mirzoyan, istərsə də digər erməni rəsmiləri bu məqamı ciddi şəkildə nəzərə almalıdırlar. Onlar düşünməlidirlər ki, Ermənistan otuz ilə yaxın müddətdə hazırda barəsində söz açılan Alma-Ata Bəyannaməsini heçə sayıb, Azərbaycanın torpaqlarını işğal altında saxlayıb. Belə olan halda, Paşinyanın “Real Ermənistan” nağılı da əhəmiyyətini itirməkdədir. Axı Qarabağ avantürası reallığın nəzərə alınmamasından qaynaqlanmışdı. Ermənistan hakimiyyəti bunun hansısa cəzasının olmayacağını düşünürsə, yanlış yoldadır. Cəza ölkəmizin şərtlərini qəbul etməkdir. Azərbaycan isə sülhün başlıca şərti kimi Ermənistan konstitusiyasının dəyişdirilməsində, ümumən, onun dövlət sənədlərindən qonşu ölkələrə, o cümlədən, özünə qarşı ərazi iddialarının çıxarılmasında israrlıdır. Rəsmi İrəvan buna gedirmi? Böyük ölçüdə, xeyr! Deməli, sülh üçün təminat da vermir.

Bəli, məhz buna görə Mirzoyanın ATƏT tribunasından Ermənistanın sülh sazişini imzalamaq və Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamaq barədə danışmasında heç bir gerçək mahiyyət yoxdur. Üstəlik, erməni iqtidarı və onun xaricdəki havadarları anti-Azərbaycan ritorikasını bütün beynəlxalq tribunalara daşımaqdan qalmırlar. Əlbəttə, paralel şəkildə erməni avantürasının özünə də siyasi sərmayə yatırırlar. Mirzoyan da Maltada bu barədə söz açdı və “Dünyanın kəsişməsi” təşəbbüsü üzərində dayandı. O təşəbbüs ki, Azərbaycanın Zəngəzur dəhlizi ideyasına, yəni Naxçıvana yolun “Azərbaycandan – Azərbaycana yol” məntiqinə ziddir.

Qərbin Ermənistanın siyasi gündəminə sırıdığı “Dünyanın kəsişməsi” region ölkələri arasında etimadı artırmaq, bütövlükdə, etimad mühitini gücləndirmək və daha səmərəli qarşılıqlı əməkdaşlığı stimullaşdırmaq üçün potensial vəd etmir. Əksinə, durumu mürəkkəbləşdirir. Çünki Ermənistanı mühüm kommunikasiya habının başlıca fiquru qismində göstərir. Bu göstəricidə ölkə Cənubi Qafqazdakı qlobal rəqabətin episentri kimi çıxış edir, region dövlətlərinin və regiona tarixən bağlı tərəflərin “damokl qılıncı”na çevrilir. Rəsmi İrəvan hazırda mövcud istiqamətdə əlindən gələni etməkdə, Qərbin forpostu kimi davranmaqdadır ki, gələcəkdə bölgədəki hər şey ondan asılı duruma düşsün.

Əvvəldə də bildirdik ki, Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyinin konkret nədən asılı olduğunun yaxşı fərqindədir. Zamanında, dəqiq desək, 1996-cı ildə hayların birinci prezidenti Levon Ter-Petrosyan da vurğulamışdı ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmayınca, Ermənistanın müstəqil dövlət kimi mövcudiyyəti sual altındadır. Üzərindən otuz ilə yaxın zaman keçməsinə baxmayaraq, ölkənin qarşısında duran başlıca təhlükəsizlik çağırışı məhz L.Ter-Petrosyanın dilə gətirdikləridir. Azərbaycanla bağlı durumdan söz açdıq. Mirzoyanın ATƏT-in tribunasında çıxışı zamanı toxunduğu Türkiyə – Ermənistan münasibətlərinə gəldikdə, məsələnin xeyli dərəcədə Ermənistanın Azərbaycanla münasibətlərindən asılılığını yada salmalıyıq.

Erməni iqtidarı isə Ankara – İrəvan əlaqələrinə ayrıca yanaşma xətti götürür ki, bu, son dərəcə yanlışdır. İstər Mirzoyan, istərsə də başqa erməni rəsmiləri fundamental siyasi-regional postulatın nədən ibarət olduğunu nəzərə almalı, Türkiyə – Ermənistan əlaqələri baxımından hansısa fərqli rakus uydurmağa və onu beynəlxalq ictimai rəyə daşımağa çalışmamalıdırlar. Bilməlidirlər ki, bu cür fəaliyyət son dərəcə ziyanlıdır, səmimiyyətdən uzaqdır və ən başlıcası etimad quruculuğu tədbirlərinə zərbədir. Digər tərəfdən, yaxşı olar ki, rəsmi İrəvan Qərbin bəzi dairələrinin anti-Türkiyə ritorikasının alətinə çevrilməyə də qol çırmamasın, yeri gəldi-gəlmədi Türkiyənin adını çəkməklə onun da konstruktivlikdən uzaqlığına dair subliminal mesajlar verməkdən çəkinsin.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
34
50
xalqqazeti.az

10Mənbələr