AZ

Putinin sirr kimi saxladığı güclü varis – Hakimiyyəti o qadına ötürəcək? 

Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda Prezident Vladimir Putinin hakimiyyətindən sonrakı proseslər müzakirə edilir. Xüsusilə Putinin varisinin kim olacağı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bu istiqamətdə fərqli şəxslərin adları çəkilsə də, son zamanlarda Vladimir Putinin əmisi nəvəsi Anna Sivilyevanın adı xüsusi hallanmağa başlayıb.

A.Sivilyeva hazırda Putinin sərəncamı ilə Rusiyanın müdafiə nazirinin müavini vəzifəsini icra edir, həm də dövlət katibi statusu daşıyır. A.Sivilyeva bu statusla müdafiə nazirinin icazəsi olmadan birbaşa Kremlə sözünü demək imkanına malikdir.

Putinin Sivilyevaya bu qədər diqqət verməsi nə ilə bağlıdır? O, Rusiya prezidentinin həqiqətən varisi ola bilərmi?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya cəmiyyəti olduqca mühafizəkar cəmiyyətdir:

“Rusiyada arzuedilən dövlət başçısı “mujik”, yəni sərt kişi xarakteridir. Rus cəmiyyəti sərtliyi çox sevir. Bu gün Vladimir Putinin ciddi şəkildə cəmiyyətdən dəstək görməsinin səbəbi də məhz budur. Güclü şəxsiyyətin formalaşması, avtoritar idarəçilik hər zaman ruslar üçün önəmlidir. Məhz bu xarakter çarın boyarlar üzərində qalibiyyətinə, sovet hakimiyyəti illərində Mərkəzi Komitədə kollektiv idarəçiliyin süqutu və baş katibin təkbaşına idarəçiliyinə gətirib çıxardı.

Bu xarakter müstəqillik illərində Boris Yeltsin tərəfindən qurulan liberal idarəçiliyi sərt rejimlə əvəz etdi. Bütün bu amillər bir qadının Rusiyanın başına keçmək ehtimallarını zəiflədir. Hazırda Kreml hakimiyyəti içərisində ən güclü qadın Federasiya Şurasının sədri Valentina Matvinenkodur. Onun adı həm Putinlə yaxınlığı, həm də dövlət gücü səbəbi ilə gələcək prezidentliyə namizədlər sırasında sıx çəkilir. Ancaq qadın olması və yaşının çoxluğu bu ehtimalları zəiflədir. Anna Sivilyevanın təyinatı zənnimcə, sadəcə olaraq Putinin ordudakı korrupsiya faktlarına nəzarət mexanizmini tətbiq etmək niyyətindən irəli gəlir”.


Ekspert deyib ki, Rusiya ordusunda ciddi korrupsiya faktları var idi və Sergey Şoyqu da Müdafiə Nazirliyindən məhz buna görə uzaqlaşdırıldı:

“Moskvada generalların ard-arda korrupsiya əməllərinə görə həbsinin şahidi oluruq. Ehtimal ki, Putin qohumunu Müdafiə Nazirliyinə gətirməklə bu məsələyə birbaşa və ciddi şəkildə nəzarət etmək istəyir. Sivilyeva çox güclüdür, Rusiya ordusunun maddi-texniki təminatına nəzərət edir. Həyat yoldaşı Sergey Sivilyev isə Rusiyanın Energetika naziridir. Sivilyevlər ölkənin siyasi sistemində hazırda ən güclü ailələrdən biridir. Ancaq bu, Kremlə sahiblənəcək dərəcədə deyil”.


Seçilən
57
1
referans.az

10Mənbələr