Bu il 50-ci dəfə keçirilən Pantene Altın Kelebek-də “Azərbaycanın parlaq ulduzu” nominasiyası üzrə Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə mükafata layiq görülüb.
“İctimai” televiziyanın idman xəbər aparıcısı Fəridə Abdulla özəl olaraq OLAY-a müsahibə verib.
Fəridə mükafatlandırma gecəsi ilə bağlı təəssüratları qırmızı xalıda bu sözlərlə ifadə edib:
“Bu möhtəşəm və nağıl kimi gecədə iştirak edəcəyəmə və mükafat alacağıma görə həqiqətən çox həyəcanlıyam. Hazırda möhtəşəm hisslər yaşayıram. Bu mükafatlandırma mərasiminin 50-ci il dönümünə təsadüf edir bizim bu mükafat almağımız. Uşaqlıqdan bu mükafatlandırma mərasimlərini izləyirdim, çox böyük maraqla gözləyirdim ki, hansı məşhurlar mükafat alacaq, kimlər səhnəyə çıxacaq, nələr deyəcəklər. Hər kəs çalışır ki, mesaj göndərsin. Bu fürsət bu dəfə mənim də əlimə düşüb. Yəgin ki, həqiqətən də xəyallar qurmaq lazımdır. Bu bir gün reallaşır. Mən buna inanıram”.
Redaksiyamızın əməkdaşının “Səhnə üçün necə bir nitq hazırlamısınız? ” sualına F. Abdulla belə cavab verib:
“Nə çox uzun, nə də ki kiçik nitq hazırlamışam. Ümid edirəm ki, göndərəcəyim mesajlar və bu mükafatı kimlərə həsr edəcəyim şəxslərin qəlbinə toxunacaq”.
Fəridə mükafatlandırma gecəsi üçün geyindiyi libasdan da danışıb:
“Əynimdəki bu libasın dizaynını özüm seçmişəm. Sağ olsun modelyerlər və dərzilər ki, mənim fikirlərimi dinləyib, eşitdilər. Düşünürəm ki, bu libas mənim özümə, xasiyyətimə və imicimə yaraşan bir geyimdir. Çalışdım ki, geyimim sadə və eyni zamanda şık olsun. Ümid edirəm ki, izləyicilər mənim bugünkü “look”umu bəyənəcəklər”.