“Equinor” şirkəti Azərbaycandakı və Nigeriyadakı fəaliyyətini müvafiq olaraq 29 noyabr və 6 dekabr tarixlərində bağlanan müqavilələrlə başa çatdırıb.

İndex.az xəbər verir ki, “Equinor”un beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Filipp Matye bu müqavilələrin əhəmiyyətini vurğulayıb.

“Bu addımlar bizə strategiyamızı həyata keçirməyə, maksimum dəyər əldə etməyə və investisiyaları ən yüksək gəlir gətirən sahələrə yönəltməyə imkan verir”, – o qeyd edib.

“Equinor” Azərbaycan portfelinə görə 745 milyon dollar, Nigeriyadakı aktivlərinə görə isə ümumi dəyəri 710 milyon dollar olan alqı-satqı müqaviləsi və əlavə şərti ödənişlər daxil olmaqla, 1,2 milyard dollar əldə edib.

F.Matye şirkətin bu ölkələrdəki əməkdaşlarının, tərəfdaşlarının və təchizatçılarının töhfəsini qeyd edib.

“Birlikdə biz “Equinor” və ümumilikdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratdıq. Əməyi keçən hər kəsə təşəkkür edir və komandalarımıza gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıram”, – vitse-prezident vurğulayıb.