Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 3,4 milyard manatdan çox təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 183,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,89 % artaraq 139,1 milyon manata çatıb.
11 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,5 % artaraq 913,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 % artaraq 651,2 milyon manat olub.