1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda diplomatik xidmətdə bir sıra dəyişikliklər edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu dəyişiklər yeni hazırlanan "Diplomatik xidmət haqqında" qanun layihəsində əksini tapıb.
İlk dəfə daimi diplomatik xidmətə qəbul olan şəxslər and içəcək.
Layihəyə əsasən, Azərbaycan vətəndaşı ilk dəfə daimi diplomatik xidmətə qəbul olunanda vəzifəsinin icrasına başlamazdan əvvəl belə bir məzmunda and içəcək:
"Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm".
And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayacaq və bu sənəd onun şəxsi işində saxlanılacaq.
Azərbaycanın diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlərin siyahısı açıqlanıb.
Layihəyə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Layihədə, həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.
Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.
Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının vahid sisteminə daxil olan orqanların, onların tabeliyində yaradılan qurumların hüquqi statusu ilə bağlı məsələlər müvafiq normativ hüquqi aktlarla tənzimlənəcək.
Azərbaycanın diplomatik nümayəndəlikləri Konstitusiyaya uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Milli Məclis, Azərbaycan konsulluğu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.
Diplomatik nümayəndəliklər və konsulluqların təsis edilməsi ilə bağlı məsələlər ölkənin və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr və Azərbaycanın normativ hüquqi aktları ilə tənzimlənir.
Diplomatik xidmət orqanının əməkdaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) on iş günü müddətində məlumatlandırmalıdır.
Bundan başqa, layihəyə əsasən, həmin şəxslər diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda aidiyyəti diplomatik nümayəndəliyə və ya konsulluğa gəlməli, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən on iş günü müddətində və ya razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.
Habelə diplomatik xidmət orqanının əməkdaşları beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən on iş günü müddətində, yaxud razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.
Xidmət dövründə diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə aylıq müavinət ödənilə bilər.
Layihəyə əsasən, diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarının övladlığa götürdüyü şəxslərin, eləcə də 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarının və övladlığa götürdüyü şəxslərin bir sıra xərcləri də dövlət tərəfindən ödənilməlidir.
Həmçinin diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə təhsil müavinəti ödənilməlidir.
Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşib.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Diplomatik xidmət orqanlarında vəzifələrin siyahısı genişləndirilə bilər.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarında aşağıdakı diplomatik vəzifələr mövcuddur:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda):
- orqanın (qurumun) rəhbəri;
- orqanın (qurumun) rəhbərinin müavini;
- xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi;
- idarə rəisinin müavini;
- müşavir;
- şöbə müdiri;
- birinci katib;
- ikinci katib;
- üçüncü katib;
- attaşe.
Diplomatik nümayəndəlikdə:
- fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə;
- səfirin müavini, daimi nümayəndənin müavini;
- müşavir-elçi;
- müşavir;
- birinci katib;
- ikinci katib;
- üçüncü katib;
- attaşe, maliyyə məsələləri üzrə attaşe.
Konsulluqda:
- baş konsul;
- konsul;
- vitse-konsul;
- konsul agenti, maliyyə məsələləri üzrə attaşe.
Layihədə qeyd olunub ki, Azərbaycanın fəxri konsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və diplomatik xidmətdə hesab olunmur.
Fəxri konsul Azərbaycanın, qəbul edən dövlətin və ya üçüncü dövlətin vətəndaşı ola bilər. Fəxri konsulun hüquqi vəziyyəti və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Xatırladaq ki, "Diplomatik xidmət haqqında" qüvvədə olan qanuna əsasən, diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşları üçün 10 vəzifə təsbit edilib.