Azərbaycan Premyer Liqasında mövsüm ekvatora çatmaq üzrədir. 2 tur sonra komandalar qış fasiləsinə yollanacaq. Artıq indidən komandaların durumu müzakirə olunmağa başlayıb.
Diqqətçəkən klublardan biri "Səbail"dir. "Dənizçilər" Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Halbuki komandanın maliyyə imkanları "Kəpəz", "Şamaxı" kimi klublardan daha yaxşıdır. İndiki dövrdə futbolda maliyyə çox vacibdir. Büdcəsi olan klublar üçün nəticə vermək daha rahat olur. "Səbail"də isə vəziyyət fərqlidir.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) tərəfindən maliyyələşdirilən paytaxt təmsilçisinin büdcəsi kifayət qədər yaxşıdır. Klubun hazırkı büdcəsi dövlətin ayırdığı yardım ilə birlikdə 10 milyon manatdır. Bunun 7 milyon manatı ASCO tərəfindən qarşılanır. Yəni "Səbail" hər bir halda dövlətin hesabına maliyyələşir. Klubun öz stadionu, bazası da var.
Di gəl ki, meydandakı nəticələr və komandanın turnir cədvəlindəki mövqeyi ilə şərait və sahib olunun büdcə düz mütənasib deyil. "Dənizçilər" bu həftəyə qədər keçirdikləri 16 oyundan 12-də məğlub olublar. Digər 4 görüşdən yalnız 2-də qələbə qazanıblar. Toplanan 8 xal isə klubun büdcəsi ilə bağlı vəziyyəti sorğu-sual etməyə imkan verir.
Məlumata görə, klubda büdcəyə icraçı direktor Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyev nəzarət edir. Xərclənən hər bir qəpiyə görə onlar cavabdehdilər. Hətta transferlərə də.
Hər transfer pəncərəsində "Səbail" çox sayda futbolçunun göndərir və onların yerinə yenilərini gətirir. Beləcə, altı aydan bir "transfer karuseli" baş tutur. Bu da büdcədən kifayət qədər pulun xərclənməsinə səbəb olur. Bu yay reallaşan keçidlərin uğursuzluğu bir müddət əvvəl baş məşqçi Şahin Diniyevin qurban çevrilməsi ilə nəticələndi. Yeni baş məşqçi Cavid Hüseynov artıq açıq şəkildə yeni transferlər istəməyə başlayıb. Bunlar arasında legionerlərin üstünlük təşkil edəcəyi dəqiqdir. Bu o deməkdir ki, klubu idarə edənlər üçün yeni maxinasiya mənbəyi yaranır.
Firuz Abdulla və Zamiq Əliyev tandeminin qazanc yeri təkcə transferlər deyil. Onlar klubun bütün xərclərinə nəzarət edirlər. "Səbail"in Müşahidə Şurasının sabiq üzvü İxtiyar Asyabinin bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bu faktlar öz əksini tapıb
Firuz Abdulla AFFA-nın sabiq baş katibi və vitse-prezidenti Elxan Məmmədovun yaxın adamı hesab edilir. Məmmədovun dönəmində o, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə yüksəlib. Funksioner FİFA-ya yollandıqdan sonra onun Azərbaycandakı gücünü itirməməsi üçün Firuz Abdulla əlindən gələni edib. Rövnəq Abullayevin AFFA-dakı dönəmi bitməmişdən öncə isə AFFA-dan ayrılıb. Onun "Səbail"in icraçı-direktoru vəzifəsinə təyin edilməsində Elxan Məmmədovun rolu olub.