AZ

"Tağıyev: neft" filminə tərcüməsiz baxan fransız nəyi necə görəcək?

Kinoteatrlardan tamaşaçı nəfəsinin kəsildiyi illəri xatırlayanda köks ötürməyə bilmirsən. Qorxurduq, deyirdik, ölkədə film sənayesi çökdü, kinoteatrlar kababxanaya çevrildi, tamaşaçı həvəsi öldü. Bu o illər idi ki, ölkə yenicə müstəqil olmuşdu, əlində-ovcunda təkcə yaralanmış-yarılanmış məmləkəti qalmışdı.

Nə yaxşı, yanıldıq. Məmləkət də bütövləşdi, film sənayesi də dirçəldi. Əziyyəti olanlara əbədi minnətdarlıq düşür. Bu sırada Bakı Media Mərkəzinin xüsusi rolu var. Mədəniyyətin ən çətin janrı olan kinomuzu yenidən ayağa qaldıra bildilər. Əlbəttə, xeyli sayda şirkətlər var və onların çəkdikləri də kino sənayesinə töhfə oldu. Hansı güclü idi, hansı zəif idi, hansının çəkdiyi daha baxımlı idi, bu barədə başqa yazılarda danışarıq. Əsas odur, meydana rəngarəng filmlər çıxdı.

Peşəkarlar bilir, film deyəndə xüsusən tammetrajlı ekran əsəri nəzərdə tutulur. Belə ekran əsərlərini yaratmaqda Bakı Media Mərkəzinin bacarığı alqışa layiqdir. Həmin alqışı "Tağıyev: neft” filminin final səhnəsində tamaşaçıların reaksiyasının nəticəsində eşitdim. Düzdür, alqış teatrda, konsertdə olar, belə münasibət film üçün yaddır, amma mahiyyətə varanda anlayırsan ki, tamaşaçı bəyəndiyini göstərmək istəyib. Nə fərqi var, necə göstərib.

Bəyənməmək mümkünsüzdür. Ssenaridən başlayıb, kütləvi səhnələri əks etdirən kadrlara qədər böyük əmək sərf olunduğu anındaca görünür. Aktyor oyununa söz ola bilməz. Filmdəki əksər rolların ifaçıları ilə yoldaşlıq münasibətim var. Filmə baxandan sonra onlara mesaj yazıb bizə yaşatdıqları zövqə görə təşəkkürümü bildirdim.

Filmin məzmun qayəsini inam təşkil edir. İki inanclı var, biri dinin, o biri hissin pəncərəsindən baxır. Hiss qalib gəlir - 4 ildən sonra neft fontan vurur. Xeyr, bu hadisə dinin uduzması anlamını vermir. Din müstəvisində molla uduzur. Mollalıq edən mollalar həmişə uduzublar. Ticarətçi fəhminin vacibliyi də filmdə qabardılır. Tağıyev böyük riskə gedərək hamının əlini üzdüyü barsız torpağı satın alır.

4 ildir ac-susuz, pulsuz neft axtaran fəhlələrin obrazlarını yaradan aktyorlar həqiqətən möhtəşəm rol ifa edirlər. Onların min əzabla məşəqqətə dözmələri azərbaycanlı xarakterinin - "... dar gündə atıb getməzlər” gerçəyinin nümayişidir.

Tağıyevin neft sevdasının ailə sevgisini üstələməsi faciə ilə nəticələnir. Gələcəyin milyonçusunun həyat yoldaşı kasıblıq xəstəliyinə - vərəmə qurban gedir. Yaşlanmış və hər şeyi əlindən alınmış Tağıyev obrazı xarici jurnalistin sualına cavab verəndə ailənin hər şeydən vacib olduğunu deyir. 

Xarici jurnalist də ailəsindən söz açır. O da anasızlığın, atasızlığın dərdini yaşayanlardandır. Hacının səmimi söhbəti jurnalisti də kövrəldir. Azərbaycanlı istiqanlıdır - filmdə bunu da görürük.

Ortada yoldan çıxmış, qoçuluq eşqinə düşmüş biri də var. Dözmür, hətta Tağıyevin oğlu ilə səmimi dost olmasına baxmayaraq, uşağın da sözünə məhəl qoymayıb barsız torpağı tərk edir. Çılğınlığımızı göstərən nümunə.

Filmdə xarici iş adamı ilə azərbaycanlı iş adamının fərqini də çox aydın görə bilirik. Xarici 4 ildən sonra "yaramaz ərazi”ni satır, bizimki inamının gücü ilə oranı alır.

Qızıl satan kişi obrazı da hərisliyin, görməmişliyin nümunəsidir. Əsl qızıl saatı gizlədib, müştəriyə saxta qızıl saatı sırayır.

Qəfil ölərək buxtanın ətrafına düşən qarğa da ərazidə neft olduğunun siqnalını verir. Hələ bir kiçik detal da var, adam ayağının altına baxmadan böcəyi əzib keçir. Dövrün amansızlığını göstərir - süründünmü, ayaq altında qalıb əziləcəksən.

Öz dininə uduzmuş mollanın Tağıyevin oğlunu tora salmaq istəyi də şarlatanlığın o dövrdəki dərəcəsindən xəbər verir. Ananın ölümünün atanın günahı olduğunu oğlun üzünə deyən mollalar bu gün məmləkətin qürur simvollarına çevrilənlərin həyatını cəhənnəmə döndərmişlərdən olublar.

"Xortdanın cəhənnəmdən məktubları” əsərini xatırlayıram. Mistikaya baxın, dünən Gənc Tamaşaçılar Teatrında eyniadlı əsəsrin tamaşasına baxdım. Tağıyev filmindəki mollanın obrazı həmin tamaşada da var idi. Sevgililərin onun evinə sığınmasından istifadə edən molla qızı özünə siğə etdirir. O molla yeriyəndə qarışqanı tapdalamasın deyə, yolları süpürürlərmiş. Ayağın altında qalmayan qarışqanı süpürgə əzib məhv edirmiş. Səhnədə cəhənnəmi göstərirlər, "qəhrəmanımız” ətrafı süpürür.

Beləsi, təbii ki, Tağıyevə qalib gələ bilməz. İki obraz var: biri Allahı hər yerdə görür, biri ancaq göydə. Kim daha haqlıdır? "Tağıyev: neft” filmində bu suala verilən cavab həm qəşəng, həm dəqiq, həm də bizimkidir.

"5 ildir neft axtarırsan” məzəmmətlərinə tələsik "4 ildir” cavabını verən Tağıyev, nefti həyatının faciəsinə sürüklənəcəyi günə 3 gün qalmış tapmalıydı. Hər anın qədrini bildik deyə 30 illik işğala 44 günə son qoyduq, 45-ci günə keçmədi.

"Öz filmimizi çəkək” deyənlərə şad xəbər: "Tağıyev: neft”  filmi məhz Azərbaycansimalıdır. Filmə baxan fransız, lap elə tərcüməsiz də azərbaycanlının hansı keyfiyyətlərə məxsus olduğunu görər, belə keyfiyyətli xalqa heyran da olar.

Ardı olacaq. "Tağıyev: neft” filminin ikinci bölümü çəkilir. Əminəm, 1920-ci il tarixindən bəhs edən səhnələr müstəqilliyi 23 ay çəkən Azərbaycanı 70 ildən sonra əbədi müstəqillk zirvəsinə çatdıran xalqın düşüncə tərzini, yaşam fəlsəfəsini yaradıcı heyətin bacarığı sayəsində ustalıqla göstərəcək.

Ceyhun Musaoğlu

Seçilən
17
5
qaynarinfo.az

6Mənbələr