Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyişin olduğunu bildirib.
Bu barədə o, Finlandiyanın “Lännen Media” informasiya agentliyinə verdiyi müsahibədə danışıb.
Mirzoyan bu irəliləyişi münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi dəyərləndirib. “Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii ki, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir. Sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”, - deyə o vurğulayıb.
Nazir həmçinin kommunikasiyaların açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qarşılıqlı məqbul qərarlar qəbul edə bilərlər.
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”, - deyə Mirzoyan qeyd edib. \\Musavat.com