AZ

"Başqa ərəb dövlətlərində də Türkiyəyönümlü hakimiyyətlər qurula bilər" - Deputat

"Beynəlxalq siyasi gündəliyi izləyərkən, bir-birini sürətlə əvəzləyən qlobal toqquşmaların coğrafiyasının genişləndiyini, dünyanın yenidən bölüşdürülməsinin həlledici mərhələyə daxil olduğunu görürük. 3 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində ortamənzilli strateji silahların işə salındığı bir vaxtda Qəzzadan Livana, daha sonra Suriyaya yayılan savaş, nəhayət hakimiyyət dəyişikliyinə səbəb oldu".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid Oruc deyib. O bildirib ki, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır:

"Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tbilisi üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz Dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlıların taleyini, 4 milyard dollardan çox sərmayemizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar. Göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalardır".

Deputat qeyd edib ki, Dəməşqdən sonra başqa ərəb dövlətlərində də Türkiyəyönümlü hakimiyyətlər qurula bilər: "Lakin Yaxın Şərqdə qalib gəlib Cənubi Qafqazı əldən vermək olmaz. Xalqın iradəsi ilə Suriyada rejimi dəyişməyə beynəlxalq hüquq çərçivəsində kömək edən qardaş ölkə üsyanın ilk olaraq başlandığı türkmanların-azərbaycanlıların yaşadığı Hələbdə olduğu kimi Gürcüstanda da yüz minlərlə soydaşımızın mənafelərinin qorunmasında Azərbaycan lideri İlham Əliyevin strategiyası ilə hərəkət edəcəyinə, Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq. Suriyanın bütövlüyünü təmin etmək mümkün olsa, Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır. Daha sonra Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Bakı ilə quru yollarla birləşməsi Gürcüstan və Ermənistanı Türk dünyasına qarşı çevirmək planlarına zərbə vuracaq, Türkiyə və Azərbaycanın Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük regionda növbəti qələbəsi olacaqdır".

Anar Kəlbiyev

Seçilən
7
50
unikal.az

10Mənbələr